"Toponimlər xalqın etnik tərkibinin öyrənilməsində xüsusi əhəmiyyətə malikdir" - MÜSAHİBƏ
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik. Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
- Qərbi Azərbaycanlı, Azərbaycan Dövlət Pedaqoji Universitinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramovun SİA-ya müsahibəsini təqdim edirik:
- Toponim nədir və toponimlərin tədqiqatı nə üçün əhəmiyyətlidir?
- Onomalogiya dilçiliyin bir bölməsidir. Onomalogiya dilin onomastik vahidlərini öyrənir.
Onomastikanın növlərindən biri də toponimlərdir.
Toponim mənşəcə yunan dilinə mənsub olub 2 sözdən ibarətdir: topos - yer, onuma ad deməkdir. Toponomika coğrafi adları - yaşayış məntəqələrini (kənd, şəhər), meydan, məhəllə, dağ, dərə, çay adlarını və onların yayılma arealını öyrənir. Toponimlər üç elmin tədqiqat obyektidir: tarix, coğrafiya, dilçilik.
Toponimlər xalqın tarixinin öyrənilməsində əsas mənbələrdən biri və birincisidir. Toponimlər həm də xalqın etnik tərkibinin öyrənilməsində xüsusi elmi əhəmiyyətə malikdir. Məhz indi Ermənistan adlandırılan Qərbi Azərbaycanın toponimləri tarixi toponimləri, yəni dəyişdirilməzdən əvvəl olan toponimlər vasitəsilə dünyaya sübut edirik ki, Qərbi Azərbaycanın köklü sakinləri azərbaycanlılar olmuşdur və ermənilər indiki Etmənistana gəlmədir. Ümumiyyətlə, indiki Errmənistan ərazisində tarixən yalnız Azərbaycan mənşəli toponimlər olmuşdur. Ərazidə , XX əsrin əvvəllərinə kimi erməni mənşəli toponimlər olmamışdır. Qərbi Azərbaycanda erməni mənşəli toponimlər 1918- ci ildən sonra Azərbaycan mənşəli toponimlərinin dəyişdirilməsindən sonra yaranmışdır.
Toponimlər əsasən üç yolla yaranır:
1. Bir tayfanın adı əsasında yaranır.
2. Yaşayış məntəqəsini salan, əsasını qoyan şəxsin adı əsasında yaranır.
3. Ərazinin relyefinə uyğun yaşayış məntəqəsinə ad verilir.
- Bu mənada Qərbi Azərbaycan toponimlərinin də tədqiqi Azərbaycan tarixi üçün kifayət qədər əhəmiyyətlidir. Bu tədqiqatlar zamanı hansı tarixi faktlara istinad etmisiniz?
- Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır. İndiki Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqları əsasında yaradılmışdır. İndi Ermənistan adlandırılan Qərbi Azərbaycanda yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828- ci il Türkmənçay müqaviləsindən sonra xaricdən, xüsusi olaraq İrandan, Türkiyədən köçürülüb yerləşdirilib. Bunu erməni və rus dilində olan mənbələr( Z.Qorqodyanın, İ. Şopenin, eləcə də erməni dilində çap olunmuş 4 cildlik “ Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti” ), Qərbi Azərbaycanla bağlı Azərbaycan dilinə çevrilərək hazırlanmış “ İrəvan əyalətinin icmal dəftəri” (1728), kameral siyahıyaalmalarla bağlı hazırlanmış kameral təsvirlər ( Göyçə, Dərələyəz, Zəngəzur mahalları, İrəvan şəhəri ilə bağlı kameral təsvirlərinAzərbaycan oxucusuna çatdırılmasında fəlsəfə doktoru Nazir Əhmədlinin müstəsna xidmətləri var), eyni zamanda “ İrəvan xanlığı”, Həsən Mirzəyevin “Qərbi Azərbaycan. Dərələyəz mahalı”, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin “ Qərbi Azərbaycan abidələri”, bir neçə cildi çap olunmuş “ Qərbi Azərbaycan”, t.ü. f.d. Nazim Mustafanın tədqiqatları ( “ İrəvan şəhəri”), f.ü.f.d. Almaz Bədəlovanın “ İrəvan xanlığı toponimləri” əsərləri təsdiq edir. Göstərilən əsərlərə, xüsusilə erməni, rus dilli mənbələrə istinad edərək Qərbi Azərbaycan toponimləri elmi aspektdə araşdırılmışdı.
Bununla bağlı bilavasitə Qərbi Azərbaycan toponimləri ilə bağlı prof. İbrahim Bayramovun “ Qərbi Azərbaycanın türk mənşəli toponimləri”, İbrahim Bayramov və Nazim Mustafanın “ Həqiqətin onomastikası” əsərləri çap olunmuşdir.
- Maraqlıdır ki, Qərbi Azərbaycan ərazisində nə qədər ad saxtalaşdırılıb və dəyişdirilib?
- Qərbi Azərbaycanda toponimlərinin dəyişdirilməsi XIX əsrin əvvəllərindən 2006-cı ilə kimi həyata keçirilmişdir:
1. XIX əsrin əvvəllərindən 1918 -ci ilə kimi;
2.1918-1920- ci illərdə;
3. 1920-1930- cu illərdə;
4. 1930-1960- cı illərdə;
5. 1960- 1990- cı illərdə;
6. 1990-2006- cı ilıərdə.
Qərbi Azərbaycanda 499 yaşayış məntəqəsi ləğv edilmiş, 704 yaşayış məntəqəsinin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın adı dəyişdirilmişdir.
- Hazırda Ermənistanda tarixi-coğrafi adlarımız hələ də dəyişdirilməkdə davam edir. Bəs biz bununla necə mübarizə apara bilərik?
- Tarixi həqiqətləri üzə çıxarmaq üçün araşdırmalar aparmaq, onları xarici dillərdə çap edib dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Həm də xarici tədqiqatçıların da iştirakı ilə konfranslar keçirilməlidir.
- Bəs maraqlıdır, İrəvan sözünün etimologiyası nədir?
- İrəvan toponiminin izahı ilə əlaqədar ermənilərin uydurma izahı mövcuddur. Guya Nuh peyğəmbər quru sahə görüb və ermənicə “ yerevuma” ( göründü) deyib və buradan da İrəvan ( ermənilər adı dəyişdirib Yerevan adlandırıb) əmələ gəlib. Bizim fikrimizcə, İrəvan 2 sözün birləşməsindən əmələ gəlib: ir və avan.
Belə ki İrəvan adı mənbələrdə Erivan, İrivan, Arevan, İrəvan formalarında əksini tapıb. İr qədim türk dilində “ igid, qoçaq” mənasını bildirən er/ ər sözünün fonetik formasıdır. “ əvan” isə urartu dilində “ ölkə”, “yer”. “ şəhər”, “ kənd” mənasını bildirir və İrəvan “ igidlər ölkəsi” mənasını ifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB