“Azərbaycan Türk dünyasının gücə çevrilməsinə töhfə verir” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Türk dünyasının gücə çevrilməsinə töhfə verir” - DEPUTAT ŞƏRH ETDİ

“Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə əsas fəaliyyət istiqamətləri və türk dünyasının daha da sıx birləşməsi üçün görüləcək işlər bir daha nəzərdən keçirildi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan türk dünyasının parçası kimi bu prosesdə həmişə fəal olub: “2009-cu i Naxçıvan görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. 13 il əvvəl Azərbaycan Prezidenti şuranın toplantısında çağırış edərək bəyan etmişdi ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənməlidir. Çünki bu, bizim tarixi köklərimiz olmaqla yanaşı həm də bugünkü vəziyyətin reallıqlarıdır. “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır.” Azərbaycan Prezidentinin bu yanaşmasının nə qədər dəqiq və uzaqgörən olduğu bu gün bir daha təsdiqini tapdı. Şura təşkilata çevrildi, Prezident İlham Əliyevin də söylədiyi kimi, türk dünyasının vahid mövqedən çıxış etməsi labüd oldu. Bu gün biz türkdilli ölkələrin dünya miqyasında böyük gücə çevrilməsinin şahidiyik. İki gün əvvəl Prezident İlham Əliyev Səmərqənd zirvəsində bir daha bəyan etdi ki, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən Türk dünyası bir ailədir.

Bu gün Türk dünyası əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur. Tərəfdaşlıqdan inteqrasiyaya yeni yol başlayıb. Təşkilata üzv ölkələr bütün sahələr, o cümlədən müdafiə, təhlükəsizlik və hərbi sənayesini yeni əməkdaşlıq sahəsi kimi inkişaf etdirməyi qarşıya hədəf qoyub.

2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgənin inkişafında yeni mərhələ başlayıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə başda Türkiyə olmaqla, Özbəkistan və Qazaxıstan da töhfə verir. Prezident İlham Əliyev Səmərqənd zirvəsində digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Yekun bəyanatda da TDT-ya üzv ölkələr Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiq edirlər. Bu prosesə töhfə türk dövlətlərinin bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına, dayanqılı sülh və təhlükəsizliyə töhfəsi deməkdir.

Azərbaycan həm də sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın problemlərinin Türk Dövlətləri Təşkilatının gündəliyinə gətirilməsini istəyir. Bu məsələni dövlət başçımız Səmərqənddə keçirilən 9-cu Zirvə görüşündə bir daha bildirdi və qeyd etdi ki, kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Bu mənada TDT-yə üzv ölkələrin dəstəyi effektiv ola bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə