“Ermənistan və havadarları Prezidentin çıxışından ciddi nəticə çıxarmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan və havadarları Prezidentin çıxışından ciddi nəticə çıxarmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşadakı çıxışında bir çox vacib məqamlara toxundu. Şanlı zəfərə gedən yolda Azərbaycanın əldə etdiyi uğurlardan, həyata keçirilən uğurlu daxili və xarici siyasətdən geniş bəhs etdi. Qəhrəman Azərbaycan ordusunun müharibədə böyük şücaət göstərdiyini, Azərbaycan xalqının vahid yumruq kimi birləşərək şanlı tarix yazdığını xüsusi vurğuladı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.


Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər Ermənistana, bu ölkənin havadarlarına, Ermənistanın cinayət əməllərini, təxribatçı mövqeyini dəstəkləyən bütün dövlətlərə ciddi mesaj və xəbərdarlıqdır: “Reallıq ondan ibarətdir ki, bu gün Ermənistan öz havadarlarına arxayın olaraq yenə də təxribatlar törədir. Əlbəttə, bunlar birmənalı olaraq qəbuledilməzdir. Ermənistan tez bir zamanda bütün təxribatlara son qoymalıdır. Ermənistan və havadarları bilməlidirlər ki, əgər təxribatlar davam etsə, bunun aqibəti Ermənistan üçün yaxşı olmayacaq. Azərbaycan heç zaman Ermənistanın təxribatlarına göz yummayacaq. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir.

Prezidentin çıxışındakı digər bir mühüm məqam isə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməkdən boyun qaçırmasıdır. Bu gün Qarabağdakı ermənilər Ermənistana rahat şəkildə gedib-gələ bilirlər. Azərbaycan Laçın dəhlizinə alternativ yol çəkib. Əgər bu gün ermənilər Qarabağa rahat gedib-gəlirlərsə, deməli, azərbaycanlılar da Naxçıvan Muxtar Respublikasına rahat gedib gəlməlidirlər. Ermənistan bunun üçün şərait yaratmalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir. Sözügedən razılaşmada açıq şəkildə bəyan olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılacaq. Ancaq təəssüf ki, bu günə kimi bu məsələ həll olunmayıb. Ermənistan hərbçilərinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hələ də Qarabağda olduğunu görürük”.

Deputat sözlərinə belə davam edib: “Prezident İlham Əliyev çıxışında həmçinin, Ermənistanla sıx əməkdaşlıq və İrəvana himayədarlıq edən müsəlman dövlətlərinə, xüsusilə də İrana aydın mesaj ünvanladı. Müsəlman ölkələrin rəhbərləri nəzərə almalıdırlar ki, Ermənistan Azərbaycana qarşı çox sayda vəhşiliklər törədib, ermənilər vaxtilə işğal altında saxladıqları ərazilərdə məscidləri dağıdıblar, islam mədəniyyətinin bir hissəsi olan dini abidələrimizi məhv ediblər, talayıblar. Müsəlman ölkəsi başçısının belə bir əməllər törədən Ermənistanın rəhbərini qucaqlaması, onunla öpüşməsi qəbuledilməzdir. Özünü müsəlman hesab edən bir dövlətin lideri bu addımı atmamalıdır.

Sonda vurğulamaq lazımdır ki, Ermənistan və onun havadarları Azərbaycan Prezidentinin Şuşadan etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalı və Zəngəzur dəhlizi mütləq açılmalı, sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bunu həm Ermənistan, həm də Ermənistanın havadarları ciddi şəkildə nəzərə almalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə