Zəfər Günü münasibətilə Yasamal rayonunda silsilə tədbirlər keçirilib

Yasamal rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri - Səbinə Xasayeva, Ülvi Quliyev, Yasamal rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayonu üzrə rəisi, polkovnik-leytenant Ramin Şükürov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Yasamal rayon şəhidlərinin Xatirə Kompleksində başlayan tədbirdə Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarında keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xatirə Kompeksi ziyarət olunaraq, kompleksin önünə əklil və gül dəstələri qoyulub. Sonra tədbir iştirakçıları tərəfindən İkinci Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər. Daha sonra rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Bu nəcib aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Aksiya çərçivəsində ərazidə təmizlik-abadlıq işləri aparılıb, habelə əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilib.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə