Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri nəhayət ki, eşitmək bizə nəsib oldu. Artıq bu xoş xəbərin ikinci ilini qeyd edirik.
8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Zəfər Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi.
44 günlük Vətən müharibəsi bir çox reallıqların meydana çıxması ilə yadda qaldı. Bu müharibə dövründə Prezident cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını siyasi və diplomatik cəbhələrdə layiqincə müdafiə və təmin etdi. Qələbəmizi şərtləndirən əsas amilərdən biri də əsası keçən əsrdə Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir Azərbaycanın siyasi müstəqilliyinin bünövrəsi olan iqtisadi müstəqilliyimizdir. Vətən müharibəsi Azərbaycan xalqının bir millət kimi formalaşması, həmrəyliyinin ən pik nöqtəsinə çatması ilə yanaşı dost və düşmənini tanıtdırdı. Münaqişənin ilk saatlarından siyasi arenada öz dəstəyini əsirgəməyən, “ biz hər zaman Azərbaycan xalqının yanında olacağıq” deməklə qardaş Türkiyə xalqının və Prezidentinin dost münasibəti lokal mübarizədə də düşmən üzərində üstünlüyümüzü təmin etdi. Hər günü uğurlu hərbi əməliyyatlarla yadda qalan müharibə dövründə Azərbaycan əsgəri yalnız qələbə haqqında düşündü.
Düşmənə dəhşətli yuxu kimi görünən hərbi uğurlarımız, mənəvi-psixoloji cəhətdən də tam sarsılmasına gətirib çıxardı ki, bu da Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Müharibənin qələbə ilə bitməsi qarşıya yeni vəzifələrin icrası üçün geniş imkanlar açdı. Azərbaycan bölgənin tərəqqisi və sülhün davamlı inkişafı üçün regionun lider dövləti olduğunu müharibədən sonrakı dövrdə həyata keçirdiyi və planlaşdırdığı layihələrin icrası ilə sübut etməkdə davam edir. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayırdı, Qarabağla nəfəs alırdı. İkinci Qarabağ müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Bu siyasi-mənəvi dəstək gücümüzə güc qatır, Ermənistanın havadarlarını müdaxilədən çəkindirir. Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaş deyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımıza göz dağıdır. Vətən müharibəsi dövründə mümkünsüz sayılanı yerinə yetirən Azərbaycan dövlətinin, Azərbaycan xalqının qarşıda duran layihələrin icrası ilə də dünyanı heyrətləndirəcəyi heç kimdə şübhə yaratmır.
Bu 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüzminlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu...
Barbar Ermənistan son 30 ildə elə məkrli planlar qurmuşdu ki, onlar güman edirdilər ki, daha Azərbaycan birdə xalqı bu torpaqlara qayıtmayacaqdır. Elə bilirdilər ki, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən çıxarıb atacaqlar. Buna görə də işğal etdiyi bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamışlar. Təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdilər vəhşi ermənilər. Bu illər ərzində yeraltı-yerüstü bütün sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə sahib olmağa çalışmışdılar. Doğma vətən torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmışdılar.
Ancaq bu gün bütün dünya işğaldan azad olunmuş Azərbaycan torpaqlarının günü gündən necə inkişaf etdiyinin, çiçəkləndiyinin, sanki nəfəs aldığının şahididirlər.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən uğurlu siyasəti, mükəmməl liderlik qabiliyyəti ilə Qarabağ tamam dəyişir. Bu gün Qarabağda dayanmadan işlər görülür.
Yeni yollar, elektrik xətləri çəkilir, yaşayış binaları inşa edilir, yeni iş yerləri açılır. Yurd yuvalarına həsrət qalan azərbaycanlılar öz doğma evlərinə qayıdırlar. Onların sevinclərinin həddi hüdudu yoxdur. Fizulidə və Zəngilanda beynəlxalq hava limanının açılışı inşafı göz önünə gətirir. Növbəti beynəlxalq hava limanı isə Laçında olacaq. Cəbrayıl və Zəngilan rayonlarında “ağıllı kənd” kimi müasir layihələr həyata keçirilir.
Artıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkildi. Ali Baş Komandanımız cənab İlham Əliyev Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!
Arzu Əliyeva
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə