"Bizim heç kimin torpağına qarşı ərazi iddialarımız yoxdur" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Bizim heç kimin torpağına qarşı ərazi iddialarımız yoxdur" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

""Zəfər günü" Azərbaycan xalqının tarixində ən şanlı və qızıl həriflərlə yazılan bir səhifədir. Bizim keçmişdə də böyük zəfərlərimiz olub. Doğrudur, itkilərimiz və ağır dövrlərimiz də olub. Ancaq bir toplum olaraq azərbaycanlılar ailəsi olaraq yeni tarixdə çox böyük dönüş yaradaraq keçmişdən gələcəyə körpü qura bilmişik, nəsillər arasındakı əlaqələri gücləndirmişik, özümüzə inamımız artıb, dünya birliyi qarşısında qamətimizi düzəltmişik və nəhayət biz məkrli düşmən üzərində qələbə qazanaraq mübariz xalq olduğumuzu göstərmişik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, 30 ilə yaxındır ermənilər dünyanın ictimai fikrini çaşdıraraq bildirirdi ki, Azərbaycan təhlükəli bir ölkədir: "Onlar deyirdilər ki, guya burada müsəlman və xristian aləmi arasında qarşıdurma gedir, guya bu qarşıdurmaların kökündə ermənilərin ərazi iddiaları yoxdur və s".

Tofiq Abbasov sözlərinə belə davam edib: "Biz bu qələbəmizlə bütün ermənilərin əsrlər boyu qurduğu yalan qəsrinin darmadağın edilməsinə nail olduq. Bəli, onların yalanları bəzi məqamlarda işləyir. Amma bunun gələcəyi yoxdur. Əsad odur ki, biz dünyaya bildirdik ki, işğal qurbanı olmuşuq. Bizim heç kimin torpağına qarşı ərazi iddialarımız yoxdur. Problemin kökündə din amili, mənəviyyat filan dayanmır. Biz bu zəfərimizi əks hücum nəticəsində əldə etmişik. Yəni, olunan hücuma cavab vermişik. 44 gün ərzində göstərdik ki, Azərbaycanın həqiqətləri danılmazdır, onları heç bir saxta təxribatla endirmək olmaz.

Ermənilər onsuz da çaşqın və dolaşıq siyasət aparırlar. Azərbaycan xalqı öz hədəflərini müəyyən edib. Liderimiz strateji baxımdan bizim yolumuzun ağırlığını və çəkisini müəyyən edib. Biz düşünülmüş şəkildə öz yolumuzla gedirik. Həmçinin, biz suveren hüquqlarımızdan məharətlə istifadə edirik. Bu da bir bacarıqdır ki, hər kəsə nəsib olmur. 8 Noyabr bizim üçün həm iftixar, həm də qələbə, həm də özünüdərk günüdür. Çünki biz suveren xalqıq və tarixin yollarında öz yolumuzla gedirik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə