2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi: "Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı ilə Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini əməliyyatların ilk günlərindəcə darmadağın etdi və işğaldan azad olunan rayonlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Qəhrəman ordumuz Azərbaycanın və dünya hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatını uğurla başa çatdıraraq bu şəhəri işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi.
Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımızın və rəşadətli Ordumuzun qazandığı bu böyük tarixi əbədiləşdirmək üçün imzaladığı Sərəncamla hər il 8 noyabrt Zəfər Günü kimi çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu, millətin ümid, inam, qürur anları idi. Bu, Böyük Zəfər Günü – gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir. 44 günün ən şərəfli qələbəsi qeyrət qalamız Şuşanın ermənilərdən geri alınması ilə yaddaşlarda qalacaq. Şuşa qələbəsindən sonra düşmənin təslimçilik bəyannaməsinə qol çəkməsi isə qələbələrimizin ən möhtəşəmi oldu. İndi biz möhtərəm prezidentimizin qətiyyəti sayəsində qələbə sevincini yaşayırıq. Bu qələbəni bizə nəsib eliyən Ali Baş Komandanımıza, əsgərlərimizə təşəkkürümüzü bildiririk. Azadlığımız,ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirik.
SƏBİNƏ SƏLİMOVA,
YAP Masallı rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB