Soçi görüşündən nə Ermənistanın baş naziri Nikol Paşinyan, nə də erməni cəmiyyəti arzuladığı nəticəni gözləmirdi, çünki məğlub durumda olduqlarını bilirdilər, Azərbaycanın artıq yeni reallıqlar yaratdığını bilə-bilə yenə də diplomatik müstəvidə məğlubiyyətdən yaxa qurtarmayacaqları qənaətində idilər və belə də oldu. Putin ilə görüşdə erməni baş nazirin üzündəki ifadədən bəlli idi ki, o heç də Soçidə olmaqdan məmnun deyildi və Rusiya liderinin Paşinyanla ikitərəfli görüşündəki ritorikasını nəzərə alaraq, bunun üçün özündə o əsas da tapmışdı.
Ermənistan hakimiyyəti Soçidə reallaşan görüşdə məğlubiyyətinin indi də rusların hesabına olduğunu dünyaya yaymaq istəyirlər. Həm də daxili auditoriya üçün belə bir cəhd edirlər ki, erməni müxalifətinin, erməni cəmiyyətinin qəzəbinə tuş gəlməsinlər. Guya ki, onları məğlub duruma salan Putin olub və Rusiyaya görə məğlub duruma düşüblər, halbuki, erməni xalqı 2020-ci ilin noyabrında razılaşmanın necə əldə edildiyini heç vaxt unutmamalıdır. Unutmamalıdır ki, Ermənistan öz silahlı qüvvələrinin az-çox qalan əsgərlərinin sağ qalmasına görə birinci növbədə Rusiyaya minnətdar olmalıdır. Cəmi 44 gün müddətində Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan Ordusu daha bir neçə gün döyüşü davam etdirəcəyi təqdirdə ermənilər hədsiz böyük itgilərlə üzləşməli olacaqdılar ki, bunun da qarşısını Rusiya müharibənin, döyüşün dayandırılmasında vasitəçilik etməklə aldı və görünür, bunu ermənilər unudublar.
Çox güman ki, Nikol Paşinyan son görüşdən müvafiq düzgün nəticələr çıxara bilib. O, istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə özünün və rəhbərlik etdiyi dövlətin məğlubiyyətini də dərk edib. Bunu onun məyus baxışlarından, keçirdiyi sıxıntısından, üzündəki kədərli ifadədən də duymaq çətin deyildi. Başqa cür ola da bilməzdi. Əvvəla ona görə ki, Azərbaycan haqq işi, ədalətin, özü də tarixi ədalətin bərpası uğrunda, ermənilər tərəfindən işğal altında saxlanılan torpaqların işğaldan azad edilməsi naminə mübarizə aparıb, qalib gəlib və ölkəmiz bütün görüşlərdə qalib tərəf olaraq iştirak edir. Həm də Azərbaycan BMT-nin məlum dörd qətnaməsinin icrasını da özü reallaşdırıb, yəni qanunun aliliyinə hörmətlə yanaşıb, qanun müstəvisində də hərəkət edib və heç bir beynəlxaql hüquq normalarına zidd getməyib. Digər tərəfdən də Paşinyan artıq ölkəsinin də, özünün də çarəsizliyini görür və Azərbaycanın irəli sürdüyü şərtlərlə qarşılaşmaqdan başqa çarələrinin olmadığını deyəsən anlamağa başlayır.
Soçidə imzalanan Bəyanat Rusiyanın, təşəbbüsü öz əlinə almaq istəklərini bir daha təsdiqlədi və görünən odur ki, rəsmi Moskva iki ölkə arasındakı məsələlərin həllində, sülh müqaviləsinin bağlanmasında prinsipialdır. Elə məhz bu prinsipiallıq erməni cəmiyyətində güclü rezonans doğurub. Məsələ burasındadır ki, ermənilərin böyük bir hissəsi onların məğlubiyyət acısını daddıqları qənaətindədirlər. Artıq ermənilər bu həqiqəti inkar etməyə özlərində cəsarət belə tapa bilmirlər.
Xatırlatmaq yerinə düşərdi ki, Ukraynada müharibə, döyüşlər başlayandan sonra Cənubi Qafqazdakı proseslərdən Rusiya sanki kənarda qalmışdı. Fürsətdən istifadə edən Avropa İttifaqı artıq bu istiqamətdə bir qədər daha qabağa, önə çıxa bildi, tərəflər arasında görüşlər ardıcıl xarakter almağa başladı, hansıki bu, Rusiyanın proseslərdə iştirakını arxa plana salırdı. Belə bir vəziyyət əlbəttə ki, Avropa İttifaqı üçün arzuolunan idi, amma Rusiya üçün yox. Məsələ burasındadır ki, Rusiya tərəfi Soçi görüşünü keçirməklə bölgədə varlığını bir daha təsdiqlədi, özünü ön plana çıxardı, proseslərdə iştirak etdiyi barədə təkcə Cənubi Qafaz ölkələrinə deyil, eləcə də Qərbə mesajlar vermiş oldu.
Azərbaycan tərəfi yenə də, növbəti dəfə də diplomatik müstəvidə qələbəyə imza atdı. Ölkəmiz öz mövqeyindən geri çəkilmədiyini göstərdi. Bu, əlbəttə ki, Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin bu dəfə də siyasi iradəsi sayəsində oldu. Ölkə rəhbəri bir addım belə geri çəkilmədi və Azərbaycanın şərtlərinin nəinki dəyişmədiyinə, heç bundan sonra da dəyişməyəcəyinə Ermənistan tərəfi artıq tam əmin oldu. Erməni baş nazirin Soçidə son görüş zamanı verdiyi vədlər də bu baxımdan əbəs yerə, təsadüfi deyildi. Bu, Azərbaycanın qələbəsinin, ölkəmizin Zəfərinin, diplomatik uğurlarının etirafı idi ki, Nikol bundan heç cür boyun qaçıra bilməzdi, bilmədi də.
Hər mənada diplomatik müstəvidə məğlubiyyət acısını yaşayan Ermənistan üçün diplomatik masada fiasko gözlənilən idi və belə də oldu. Ermənilər ən sonda Bəyanatın nə demək olduğunu anladılar. Elə buna görədir ki, Ermənistan ictimaiyyəti bu görüşü ölkəsinin növbəti məğlubiyyəti adlandırır. Bir sıra erməni politoloqları açıq şəkildə etiraf edirlər ki, Soçi görüşü məğlubiyyətlərini tam şəkildə üzə çıxardı. Etiraf olunur ki, 15 şərtlə Soçiyə gedən Nikol Vovayeviç bunların birinə nail ola bilmədi. Elə buna görə də erməni baş naziri suyu süzülə-süzülə görüşdən öz ölkəsinə qayıtmalı oldu. Vovayeviç əslində ölkəsinin fiaskosunu da görür və qəbul edir, baxmayaraq ki, bunu bacardıqca gizlətməyə çalışıb hər zaman.
Görüşdə “Dağlıq Qarabağ” ifadəsinin ümumiyyətlə işlədilməməsi çox məqamlara aydınlıq gətirmək üçün kifayətdir. Deməli, nəinki qondarma respublika, ikinci bir erməni dövləti barədə fikirlər belə beynəlxalq müstəvidə rədd edilir. İndi ermənilər anlamağa başlayırlar ki, Azərbaycan torpağı olan Qarabağ barədə artıq düşümək belə mənasızdır. Nə Qarabağ məsələsi artıq yoxdur, nə də ermənilər hansısa Azərbaycan ərazisinə iddialı belə ola bilməzlər. Çünki bu zaman beynəlxalq hüququn nörmalarını kobud şəkildə pozmuş olurlar və buna da cavab vermək gərəkir. Yəni, Soçidəki görüşün ardınca ermənilərin torpaq əldə etmək arzularının belə fiaskoya uğradığı göründü. Çox məsələlərə aydınlıq gətirildi və bütün bu məsələlər Ermənistanın politoloqlarını dilə gətirdi, fiaskolarını etiraf etdirdi. “Əliyev Nikolu öz yerində oturtdu”, deyə fikirlərini açıq-aşkar bildirən “Respublika” partiyasının sədr müavini Armen Aşotyan da Ermənistanın fiaskosunu etiraf edir. “Soçidəki görüşdə ermənilər Bəyannamədən də gördülər ki, Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin öz müqəddəratını həll etməsi barədə bir söz də, kəlmə də yoxdur”, deyən araşdırmaçı jurnalist Nairi Hoxikyan vəziyyətin ermənilərin, Ermənistanın arzulamadığı kimi olduğu barədə etiraflar edir.
Soçi görüşündəki hadisələrlə bağlı diqqəti cəlb edən məsələlər, məqamlar kifayət qədərdir, amma ən çox diqqət çəkən Rusiya presidentinin söylədikləridir. “Açıq deməliyəm ki, hər şeyi razılaşdırmaq mümkün olmadı və əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq”, deyən Vladimir Putin açıq şəkildə etiraf etdi ki, yekun bəyənatın mətnində Ermənistan tərəfinin tələblərini, arzularını əks etdirə bilməyib. Nəzərə alsaq ki, üçtərəfli görüşdən, bəyanatdan əvvəl Rusiya və Azərbaycan prezidentləri ikitərəfli görüş keçirmişdilər və bu görüş düz iki saat çəkmişdi, deməli, bəlli olur ki, ermənilərin irəli sürdükləri tələblərin qarşısı təqiyyətlə alınıb və bu, ölkə rəhbərimizin, cənab Prezidentin siyasi iradəsi, qətiyyəti sayəsində olub. Ölkə başçısının qətiyyətini hamı, Rusiya sülhməramlılarının mandatının uzadılması ilə bağlı Paşinyanın təklifinin müzakirə belə olunmamasında gördü. Hamı gördü ki, sülhməramlıların taleyinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanamasından, sərhədlərin delimitasiya və demarkasiya olunmasından sonra bilinəcəyi barədə Vladimir Putin açıq şəkildə bəyan etdi və bu da təsadüfi deyildi. Deməli, bu məqam da cənab Prezidentin siyasi iradə nümayiş etdirdiyindən xəbər verir. Ondan xəbər verir ki, ölkə rəhbərimiz rəsmi Bakının razılığı olmadan sülhməramlıların mandatının uzadılması barədə müzakirələr aparılmayacağını bəyan edib və bu da Rusiya lideri tərəfindən qəbul edilib.
Bir sözlə, nə Qarabağ barədə, nə qondarma “status” barədə, nə sülhməramlıların mandatının uzadılması barədə Ermənistanın tələbləri, yaxud fikirləri nəzərə alınmadı, nə də rəsmi İrəvanın bəhanə olaraq bütün tribunanalardan səsləndirdiyi erməni hərbçiləri məsələsinə toxunulmadı. Daha dəqiq desək, Ermənistanın maraqlarından irəli gələn heç bir müddəa Soçidə keçirilən üçtərəfli görüşdə, eləcə də birgə bəyanatda yer almadı, öz əksini tapmadı. Bu fakt özü t\sdoq edir ki, bundan əvvəlki digər görüşlər kimi, Soçi görüşü də Ermənistan hakimiyyətinin diplomatik məğlubiyyəti, fiaskosu ilə yadda qaldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB