Azərbaycan yazıçıları tarixi gün yaşadılar TƏHLİL

Azərbaycan yazıçıları tarixi gün yaşadılar TƏHLİL

Prezident İlham Əliyev: "Müstəqilliyimizin mənəvi zəmininin möhkəmlənməsi yolunda şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər"

1934-cü il iyunun 13-də Bakıda ilk dəfə Azərbaycan yazıçılarının I Qurultayında keçirilmişdir. Həmin zamana qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. "Qızıl qələmlər" cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. Mənbələrdə qeyd olunduğu kimi, "Maarif və mədəniyyət" jurnalında (indiki "Azərbaycan" jurnalında), "Kommunist" və "Gənc işçi" qəzetlərində müntəzəm verilən ədəbi materiallar, "Qızıl qələmlər", "Oktyabr alovları" almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağırıldı. ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilati tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı. Bu gün isə artıq Azərbaycan yazıçılarının XIII qurultayı keçirilir. Tarixin müxtəlif dönəmlərində keçirilən qurultaylar yadda qalmış və milli şüurun oyanışında, Qafqazda, Şərq aləmində milli-azadlıq düşüncəsinin yayılmasında və dəstəklənməsində misilsiz rol oynamış, eyni zamanda Azərbaycan maarifçiliyinin, ədəbiyyatının inkişafına önəmli təkan vermiş yazarların iştirakı ilə baş tutmuşdur. Bu gün keçirilən Qurultaya Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə iştirak edib. Azərbaycan Yazıçılarının XIII qurultayının iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin ünvanladığı məktubda bildirilir ki, Azərbaycan xalqı şeirə, sənətə böyük qiymət verərək, cəmiyyət və gələcək nəsillər qarşısında dərin mənəvi məsuliyyət hissi ilə yazıb yaradan qələm sahiblərinə daim ehtiram bəsləmişdir: "Onlar çoxəsrlik söz xəzinəmizin zənginləşməsi, mədəni dəyərlərimizin saflığının qorunması və ictimai fikrin milli özünüdərk zəminində formalaşması işinə misilsiz töhfələr bəxş etmişlər. Ədəbiyyatımızı milliliklə bəşəriliyin ahəngdar vəhdətində humanist xarakterli ideya-fəlsəfi axtarışları ilə dünya ədəbi irsinin tərkib hissəsinə çevirmiş görkəmli söz ustalarının xatirəsi ölkəmizdə əziz tutulur. Xalqımızın qəlbində azadlıq duyğularının güclənməsi, insanlarımızın ruhuna mübarizə əzminin aşılanması və müstəqilliyimizin mənəvi zəmininin möhkəmlənməsi yolunda şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər".
Azərbaycan yazıçıları Qalib Xalq olaraq bu gün bu mötəbər tədbiri keçirdi. Bu tarixi qələmə alıb, gələcək nəsillərə ötürülməsində Azərbaycan şair və yazıçılarının da rolu müstəsnadır. Bu gün elə bir zaman yetişib ki, tarixi həqiqətləri böyük əsərlərə köçürülməsi zəruridir. İkinci Qarabağ müharibəsi və onun iştirakçıları, qazanılan qələbə ilə bağlı Azərbaycan qələm sahibləri obrazlı bir şəkildə mükəmməl əsərlər ortaya qoymalıdırlar. "Mədəni həyatımızın mühüm hadisələrindən olan qurultayınızın parlaq Qarabağ zəfəri sayəsində tariximizin şanlı səhifələrini yaşadığımız bir dövrə təsadüf etməsi yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür" – deyə məktubda bildirilib. Bu gün ədəbi mühit üçün zəngin mənbə var. Onu bu günümüzdən sabahımıza çatdırmaqda qələm sahiblərinin üzərinə böyük məsuliyyət düşür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə