Qubadlı yeni inkişaf mərhələsindədir ŞƏRH

Qubadlı yeni inkişaf mərhələsindədir ŞƏRH

İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamaqla yaşayış məntəqələrimizi talan edib, viran qoyub. Maddi-mədəniyyət və dini abidələrin dağıdılması, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Təkcə Qubadlı rayonunda 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Nəticədə 29997 nəfər Qubadlı sakini öz doğma yurd yuvasından didərgin düşmüş, Respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmışdır.27 sentyabr 2020-ci ildən başlayan və cəmi 44 gün davam edən, Azərbaycan xalqının yaddaşına tarixi Qələbə ilə həkk olunan Vətən müharibəsindən artıq 2 il arxada qalır. Azərbaycan xalqı əvvəlki tək uzun illərdir düşmən tapdağında qalan torpaqlarımızın işğal gününü deyil, azadlığa qovuşduğu günü qeyd edir. 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq Zəfər tarixini əbədiləşdirdi. Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. İki il bundan əvvəl şanlı tariximizin yeni səhifələri yazıldı. Qubadlı şəhəri işğaldan azad olundu.

Düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları elektirik enerjisi istehsalı baxımından perspektivli ərazilərdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu əraziyə səfərləri çərivəsində Qubadlıda yeni həyatın canlanması məqsədi ilə böyük layihələrin reallaşmasına istiqamətlənən təməlqoyma mərasimləri həyata keçirilir. Bu günə qədər Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl kimi ərazilərdən sonra Qubadlıda yeni yarımstansiya tikilib. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerji sistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Bu və ya digər amillər Azərbaycanın gücünün göstəricisidir. Hərb meydanında sözünü deyən Azərbaycan, bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir.

Cari ilin oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Artıq Qubadlı azaddır. Tezliklə abadlaşıb öz doğma sakinlərinə qucaq açacaq. Azad olunmuş digər yerlərimiz kimi Qubadlıda da tikinti-quruculuq işləri davam etdirilməkdədir. Bu gün bütün işğaldan azad edilmiş rayonların sakinləri kimi Qubadlı sakinləri də öz doğma yurd yuvalarına tələsir, öz ocağını yandırmağa can atır. Sevinc hissi ilə deyə bilərik ki, Şanlı qələbə qazanmış Azərbaycan xalqı vəhşi düşmənin viran qoyduğu yurd yerlərini yenidən qurub gülüstana çevirəcək.

Ayaz Quliyev

YAP Xızı Rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə