Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

25 Oktyabr 2020-ci il – Vətən müharibəsinin 29-cu günü, düşmənin məğlubiyyətini etiraf etməsinə son 15 gün.

Həmin gün xalqımız daha bir qələbə xəbəri ilə sevincə və qürura boğuldu. 1993-cü ilin 31 avqust tarixində işğal olunan Qubadlı, 27 il sonra Ordumuzun əzmi, qətiyyəti və peşəkarlığı hesabına azad olundu. Qubadlı uğrunda gedən döyüşlər çətin geostrateji vəziyyətdə aparılırdı. Çünki, düşmən hakim yüksəkliklərə mövqelənmiş və şəhər tamamilə istehkamlarla əhatə edilmişdi. Bir neçə gün şəhər uğrunda ağır döyüşlər getmiş və bütün dezavantajlarımıza rəğmən sonda düşmən məğlubiyyətə düçar edilmişdi. Döyüş əməliyyatları nəticəsində Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi də azad edilmişdi. Digər 52 kənd isə noyabrın 10-da qüvvəyə minmiş birgə Bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfinin yurisdiksiyasına keçmişdi. Qeyd edək ki, Qubadlı azad olunan dördüncü böyük yaşayış məntəqəmiz idi və bundan sonra yeni hədəf “alınmaz qala” hesab olunan Şuşa idi.

Qubadlının azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyətləri var idi. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Azərbaycan Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhədini son 27 ilk dəfə ildə bərpa etdi. Bununla yanaşı, Qubadlının düşməndən təmizlənməsi Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün əlavə imkanlar yaratdı ki, bu da sonrakı döyüşlərin taleyini böyük ölçüdə müəyyən etdi. Beləliklə, Qubadlı döyüşləri Silahlı Qüvvələrimizin qəsbkar Ermənistan ordusuna qarşı apardığı müharibənin məntiqi sonluğunu bir qədər də yaxınlaşdırdığını deyə bilərik.

Onu da qeyd edək ki, Qubadlı şəhərinin işğaldan azad olunması düşmənin daha bir mənfur əməlinin sona çatdırılması baxımından vacib idi. Belə ki, düşmən Beynəlxalq Konvensiyaları heçə sayaraq Qubadlının Xınalıq kəndində qanunsuz yerləşdirmə aparır, əzəli yurd yerimizin demoqrafik vəziyyətini dəyişməyə cəhd edirdi. Qubadlıda heç vaxt kompakt erməni əhalisi olmayıb, bu rayon Azərbaycanın əzəli torpağıdır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir. Təəssüf ki, 27 illik işğala, təbii resurslarımızın talan edilməsinə, torpaqlarımızın əsl vandalizmə, dini ziyarətgahlarımızın təhqirlərə məruz qalmasına susan dünya ictimaiyyəti bu qanunsuzluğa da susdu. Ancaq Azərbaycan susmadı, işğalla barışmadı, bir qarış torpağını belə güzəştə getmədi və bu zülmü özü öz gücünə sonlandırdı. Bu gün Qubadlı öz əzəli sahiblərini gözləyir. Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin qayıtması üçün zəruri tədbirləri görür. Ümidvarıq ki, ən qısa müddətdə qubadlılılar öz ata-baba yurdlarına qovuşacaq və Qubadlı köhnə zəzmətli günlərinə geri dönüş edəcək.

Mehriban Dünyamalıyeva

Pirallahı rayon, 186 №li tam orta məktəbin Azərbaycan dili müəlliməsi, Qubadlı rayon sakini

Bütün xəbərlər Facebook səhifəmizdə