Zəfər Forumu növbəti dəfə Gəncə şəhərində keçirilib - FOTOLAR

Zəfər Forumu növbəti dəfə Gəncə şəhərində keçirilib - FOTOLAR

Biləsuvarda start götürən Zəfər Forumu növbəti dəfə Gəncə şəhərində keçirilib. SİA xəbər verir ki, tədbirə şəhid ailələri, rəsmilər, Vətən müharibəsi iştirakçıları qatılıb.

Zəfər Forumundan öncə Gəncənin Şəhidlər Xiyabanı ziyarət olunub. Forum iştirakçıları adından əbədi məşəl Kompleksinə əklil qoyulub, torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçən şəhidlərimizin xatirəsi bir daha dərin hörmətlə yad edilib. Ardından Gəncə Dövlət Filarmoniyasında forum işinə başlayıb.

Şəhid ailələri və rəsmilər, Vətən müharibəsi iştirakçıkarı forumla bağlı ürək sözlərini yazıb və uğurlar arzulayıb. Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu Forum Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə öz işinə başlayıb.

Bildirilib ki, Zəfər Forumunun Gəncə şəhərində keçirilməsi təsadüfi deyil. 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhəri erməni təcavüzkarlarının xaincəsinə törətdikləri terrorlara qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirib.

Zəfər forumlarının bütün ölkəni əhatə edəcəyini, qazandığımız Zəfər haqqında yerlərdə insanların, xüsusilə gənc nəslin illər keçdikdə daha dolğun məlumatlanmasına şərait yaradılacağı qeyd olunub. Forumda həmçinin Milli Qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib.

Forumda hərbi vətənpərvərlik musiqiləri ifa olunub, bəzi səhnələr nümayiş etdirilib.

Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiramlarını bildiriblər.

Qeyd edək ki, növbəti forumlar Ağstafa, Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə