Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib: "Biz səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var”
Bəli, İlham Əliyev təkcə müstəqil Azərbaycanın Prezidenti və Müzəffər Ali Baş Komandanı deyil, həm də müasir dünyanın görkəmli dövlət xadimlərindən, xarizmatik liderlərindən, mahir diplomatlarından biri olmaqla beynəlxalq aləmdə sözü imzası qədər dəyərlidir. Bu, Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı bir daha beynəlxalq aləmdə sözünün imzası qədər dəyərli olduğunu göstərdi.
Yeni Qafqaz reallıqları: Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib
Oktyabrın 14-də Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında hər zaman və hər məkanda Azərbaycanın haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyev bu dəfə də zəfər nitqi ilə çıxış edərək bildirdi ki, bütövlükdə, postmünaqişə dövrü sakit keçir: «Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib".Ölkə başçısı çıxışı zamanı görülən işləri hazırlıq adlandıraraq xüsusi olaraq vurğuladı ki, biz münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün əlimizdən gələni etsək də, faktiki müharibə şəraitində yaşayan bir dövlət kimi, baş verə biləcək hər hadisəyə hazırlıqlı olmalı idik. Azərbaycan Prezident İlham Əliyev çıxışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasındakı rolundan bəhs edərək xüsusi olaraq bildirdi ki, bu təşəbbüs minlərlə insanın ölümünün qarşısını almağa imkan yaratdı. 10 noyabr üçtərəfli Bəyanatı ilə Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan erməni terrorçularından təmizləndi. Həmçinin, dövlətimizin başçısı MDB dövlətləri liderlərinə hazırda ölkəmizdə davam edən bərpa-quruculuq işləri ilə bağlı da məlumat verdi. Bildirdi ki, müharibə bitəndən, torpaqlarımız işğaldan azad ediləndən sonra bizim əsas məqsədimiz 30 il müddətində xüsusi amansızlıqla dağıdılan, məhv edilən şəhər və kəndlərimizi yenidən dirçəltmək, bu yerlərə həyatı qaytarmaqdır. Lakin əlbəttə ki, qarşımızda duran ən önəmli problem mina xəritələrinin bizə verilməməsidir. Bu da düşmənin növbəti insanlıq cinayətidir. Düşmən müharibədəki məğlubiyyətini qəbul edib, kapitulyasiya aktına imza atdıqdan sonra belə, yalvararaq bizdən aldığı möhləti yenə öz iyrənc əməllərini boşaltdığı ərazilərə pərakəndə şəkildə mina səpələməklə keçirdi: «Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir”.
Ermənilər özləri də yaxşı bilirdi ki, bu ərazilər Azərbaycana məxsusdur və tarixi ədalət öz yerini tapacaq
Dövlət başçısı erməni vandallarının torpaqlarımızda törətdiyi insanlıqdan kənar vəhşiliklərlə bağlı bildirdi ki, ermənilər heç vaxt bu torpaqlarda yaşamaq, yaratmaq niyyətində olmayıblar: "Çünki onlar özləri də yaxşı bilirdi ki, bu ərazilər Azərbaycana məxsusdur və tarixi ədalət öz yerini tapacaq: “Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb”.
Azərbaycanın mövqeyi aydın, addımları qətiyyətlidir
Bəli, bu gün zaman, həqiqətən, Azərbaycanın xeyrinə işləyir. Beynəlxalq ekspertlərin fikrincə, zamanın bu istiqamətə yönəldilməsində Azərbaycanın apardığı ədalətli siyasətin və uğurlu diplomatiyanın da rolu böyükdür. Rrusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko isə daha da irəli gedərək xəbərdarlıq edir ki, Rusiya Ermənistanın inkişafını təmin etməyəcək və dotasiya ayırmayacaq. Bu, suveren ölkədir.İqor Korotçenko Azərbaycan Ordusunun müxtəlif istiqamətlərində yerləşən mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə tutulmasına da münasibət bildirib: "Ermənistan tərəfinin silahlı təxribatında məqsəd Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır. Tamamilə aydındır". Bir sözlə, ekspertlərin sözlərinə əsasən aydın şəkildə Azərbaycan rəhbərliyinin əməkdaşlıq, sülh danışıqları və sərhədlərin delimitasiyası mövzularında açıq və hamının başa düşəcəyi səviyyədə mövqe sərgiləməsinin əksinə olaraq, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını pozmaq niyyətini gizlətmir. Məsələn, Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən görüşündən sonra aydın olmuşdu ki, sülh müqaviləsinin imzalanması artıq son mərhələdədir. İş o yerə çatıb ki, təkcə Ermənistan rəhbərliyi deyil, onlara himayədarlıq etmək istəyənlər də hərdəmxəyallıqdan , “gah nala, gah mıxa vurmaq” xəstəliyindən əziyyət çəkirlər.
Azərbaycan Prezidenti Makrona etiraz, Ermənistana xəbərdarlıq etdi: “Adekvat tədbirdən başqa seçimimiz qalmayacaq”
Dövlət başçısı çıxış zamanı Fransa prezidentinin riyakarlıq, ikiüzlülük, yəni başqa sözlə, ermənilik etdiyini bildirib. Və qeyd edərək vurğulayıb ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, - Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur, bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özü də bu xidmətlər, artıq dediyim kimi, əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi, Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi, - Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük. Azərbaycan Prezidenti Makronun yalançılığını da konkret faktla göstərdi:"Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədi ilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu. Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu".Bir sözlə, dövlətbaşçısı bütün bunlara rəğmən hələ ki, səbir nümayiş etdirdiyini bildirərə söyləyib ki, lakin bunun da bir həddi var: "İki vacib bənd icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz olmayacaq!". Bir sözlə, bu məsələyə olduqca açıq və sərt münasibət bildirən dövlət başçımız çıxışında xatırlatdı ki, Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması işində Parisin hər hansı rol oynaması qətiyyən mümkün deyil. Yəni Azərbaycan böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, heç bir ölkə ilə üstüörtülü, müəmmalı danışıqlar aparmır. Həmişə mövqeyimiz aydın, addımlarımız isə qətiyyətlidir. Çünki Azərbaycanın dövlət başçısının sözü ilə əməli birdir, dediyini edəndir!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB