"Makron artıq öz niyyətini gizlətmir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Makron artıq öz niyyətini gizlətmir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Fransa prezidenti Emmanuel Makron ermənipərəst mövqedən çıxışını davam etdirir. Biz bunu Vətən müharibəsində, postmüharibə reallıqlarında da gördük və birbaşa olaraq Ermənistanın Fransa lideri tərəfindən himayə edildiyini görürdük". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Fransada çox ciddi erməni lobbisi var və bu lobbi Fransanın siyasi elitasına təsir etmək gücündədir: "Digər tərəfdən Fransada keçirilmiş prezident seçkilərində görünür ki, Makron Fransa ərazisində yaşayan ermənilərə müəyyən söz verib öhdəliklər götürüb. Bu öhdəliklərin icrası istiqamətində addımlar atır. Digər tərəfdən qlobal miqyasda Rusiya və Qərb qarşıdurması vardır və Makron müsahibə zamanı Rusiyaya yönəlik fikirlər səsləndirib. Onun əsas məqsədi Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır.

Fransa burada həm Rusiyanı, həm də Türkiyəni görmək istəmir. Türkiyə ilə Fransa arasında ziddiyətlər də dərin məzmun daşıyır. Postmüharibə dövründə və 2-ci Qarabağ müharibəsindən sonra Türkiyə Cənubi Qafqazda güclənib və təhlükəsizlik arxitekturasında mühüm rol oynayır. Azərbaycanla Türkiyə Şuşa bəyannaməsi imzalayıb və iki dövlətin münasibətləri hərbi xarakter daşıyır. Ona görə də Fransa bu geo-siyasi konfiqurasiyadan çox narahatdır. Makron artıq bunu gizlətmir. Eyni zamanda Fransa Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa çalışır. Lakin bu qəbulolunan bir yanaşma deyil. Çünki Fransanın mövqeyi bizə bəllidir. İkitərəfli müstəvidə Fransa yanlız erməni maraqlarına xidmət edir. Düşünürəm ki, bütün proseslər Azərbaycanın xeyrinə nəticələnməlidir. Fransanın sülhü pozmaq cəhdlərinin qarşısı alınacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə