Araik İrəvandan pəjmürdə dönüb: Xankəndidə isə cinayətlər artır TƏRS BAXIŞ+FOTOLAR
Uzun müddət gözlədildikdən sonra nəhayət başda Nikol Paşinyan olmaqla Ermənistanın rəsmi şəxsləri bir həftə idi İrəvanda qəbul saatını gözləyən Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla görüş keçirdilər. Keçirilən görüşlərdə aparılan müzakirələrin əsas mahiyyəti açıqlanmasa da, bəri başdan məlumdur ki, Araik Arutunyan özü də daxil olmaqla Nikol Paşinyana separatçı-quldur rejimi təmsil edənlərin müqəddəratlarının necə olacağı, eləcə də törətdikləri cinayətlərdən hansı yollarla boyun qaçıracaqları, həmçinin növbəti dəfə onlara maliyyənin ayrılıb-ayrılmayacağı ətrafında suallar ünvanlayıb. Bütün bunlardan sonra o geriyə - Xankəndiyə dönüb...

Hər şeydən əli üzülən separatçı-quldur rejim danılmaz fakt qarşısında qalıb
Artıq qondarma rejimin saxta “prezidentinin” sözdə köməkçisi rolunu daşıyan Lusine Avanesyan erməni mətbuatına açıqlamasında bildirib ki, Araik Arutyunyan “artsaxın” qurama “1-ci ictimai kanalına” İrəvandakı görüşləri barədə müsahibə verəcək və məhz bundan sonra ictimaiyyət mövzu ilə bağlı daha geniş məlumatlara sahib olacaq. Yəni görünən budur ki, artıq hər şeydən əli üzülən separatçı-quldur rejim danılmaz fakt qarşısında qalıb və əslində Azərbaycanın üçtərəfli bəyanatın 4-cü bəndi əsasındakı tələblərini icra etməkdən başqa yolun olmadığı da göz önündədir. Bütün qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq və Azərbaycanın qanunları altında yaşamaq istəyən ermənilər vətəndaşlıq alacaqlar. Qalmaq istəməyənlər üçün isə Ermənistana yol açıqdır...
Biri bankomatları mişarlayır, digəri poçtu talan edir, daha biri isə özünü güllələyir...
Lakin daha bir maraqlı məqam diqqətləri cəlb etməyə bilməz. Belə ki, son proseslər zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altındakı ərazilərimizdə ermənilər tərəfindən törədilən cinayətlərin sayı durmadan artır. Qətl, oğurluq və s. kimi cinayət əməllərinin demək olar ki, sayı-hesabı yoxdur. Bunu elə erməni sosial şəbəkələri, həmçinin KİV-ləri də yazırlar. Misal üçün, məlum olub ki, Ağdərədə naməlum şəxs “artsaxbanka” məxsus bankomatı elektrik mişarı ilə doğrayıb və oradan 7 951 000 erməni dramını oğurlayaraq qaçıb.

Bənzər hadisə Əsgəranda da baş verib. Belə ki, yenə də naməlum şəxs poçt binasına daxil olub və işçiləri əlindəki qumbara ilə hədələyərək kassadan müəyyən məbləğdə pul vəsaiti aparıb.

Daha bir olay isə Xankəndidə yaşanıb. Yerli KİV-lər yazırlar ki, oktyabrın 17-də, səhər saat 06:30 radələrində “artsax polisinə” məlumat daxil olub ki, şəhərin “Azadlıq mübarizləri” küçəsində meyit aşkarlanıb. Hadisə yerinə gedən “polis” müəyyən edib ki, 40 yaşlı kişi meyiti Xankəndi sakini A.A-ya məxsusdur və o, sübh vaxtı, təxminən saat 04:00-da şəxsi tapançasından açdığı atəş ilə intihar edib.

Artıq vaxt çatıb...
Söz yox ki, bu kimi cinayət insidentlərinin sayının artmasının daha bir səbəbi artıq orada yaşayan hər kəsə gün kimi aydındır. Onlar yaxşı bilirlər ki, Xankəndi Azərbaycanın ayrılmaz parçasıdır və gec, ya da tez sağlam düşüncəyə malik olanlar Azərbaycan vətəndaşlığını qəbul edib normal həyatlarına geri dönməyə müvəffəq olacaqlar.

Yerdə qalan revanşist, terror xislətli separatçı-quldur dəstələri isə ya Ermənistana rədd olmalı, ya haqq elədikləri cəzalarını almalıdırlar. Belə bir xaoslu situasiya isə əvvəl-axır onların içlərinə yaşanmalı idi. Çünki bütün bunların baş verəcəyi ilə bağlı separatçı-quldurlara dəfələrlə xəbərdarlıqlar edilmişdi. Artıq vaxt çatıb...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB