Prezident İlham Əliyev: qətiyyətin və sarsılmazlığın uğur təcəssümü! ŞƏRH
Ötən 19 illik müddət ərzində Prezident İlham Əliyev daim milli və dövləti maraqlardan çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını əməli qaydada isbatlayıb
Xalqımız növbəti qürur tarixini yaşamaqdadır. Artıq Azərbaycan Prezidenti İlham Əliyevinin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 19 ili tamam olur. 19 il əvvəl - 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verməklə öz seçim iradəsini uğur tərənnümü ilə sübuta yetirmişdir. Bununla da Azərbaycan xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və eyni zamanda, ölkədə sabitliyin qorunmasına verərək Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu.
Ötən müddət ərzində Prezident İlham Əliyev bir çox mühüm və ardıcıl, eləcə də böyük uğurlara imza atması ilə bir daha sübut etdi ki, o, müstəqil siyasət həyata keçirməklə ölkəmizi dünyanın ən aparıcı dövlətləri sırasına yüksəldib. Belə ki, Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb və bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib, daxili və xarici siyasətin tam vəhdəti təmin edilib.
Artıq bu gün ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Bu isə o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirməklə qarşıya qoyulan bütün məqsədləri gerçəkləşdirir.
Qeyd etməliyik ki, ötən 19 illik müddət ərzində Prezident İlham Əliyev daim milli və dövləti maraqlardan çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını əməli qaydada isbatlayıb. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Əbəs deyil ki, dünyanın bir sıra aparıcı, nüfuzlu dövlət başçıları Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək imicə malik olmasını, ölkədə sabitliyin tam bərqərar olunduğunu və uğurlu idarəetməni nəzərə alaraq, əməkdaşlığa can atırlar.
Habelə, bizlər, eləcə də beynəlxalq aləmin siyasi mərkəzləri Prezident İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 19 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövlətidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev əminliklə və xüsusi inam hissi ilə öz çıxışlarında vurğulayır: "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".
Daxili siyasətdə Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, iri həcmli maliyyə tələb edən proqramlarla uyğunlaşdıra bilib. Bu iki aspekti isə cəmiyyətdə həyata keçirilən və vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya halına sala bilib. Eyni zamanda, sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların analizi göstərir ki, Azərbaycan 19 il müddətində sözün həqiqi mənasında nəhəng irəliləyiş əldə edib. Və bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sahələrdə aparılan islahatlar bir-birini tamamlayırlar, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına xidmət edir.
Bütün bu reallıqlar bir daha əminliklə ifadə etməyimizə və qarşıda da əldə ediləcək uğurlarımıza mayak rolunu oynayır. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib və yeni strategiyaları ilə növbəti məqsədlərini xalqa və dünyaya açıqlayır.
Daha bir mühüm amil isə budur - güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü və bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində 44 gün ərzində Zəfərlə sona çatdı. Azərbaycan dünyaya yeni hərb tarixini yazdı və göstərdi ki, haqq və ədalət uğrunda mübarizə mütləq qələbə və zəfərlə başa çatdırılır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Həmçinin, ölkə başçımızın effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir!
Artıq fakt budur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Söz yox ki, Bu möhtəşəm qayıdış təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. Bütün bu kimi ali məqsədlər isə məhz son 19 ildə həyata keçirilən qətiyyətli siyasətin və sarsılmaz liderlik məktəbinin – İlham Əliyev faktorunun uğur təcəssümüdür.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB