Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələrində yeni səhifə açılır TƏHLİL
STRATEJİ TƏRƏFDAŞLIĞA YÜKSƏLƏN MÜNASİBƏTLƏR
Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. İstər Qazaxıstan, istər Özbəkistan, istərsə də Türkmənistanla münasibətlər məzmunca zəngin olması ilə yanaşı, həm də özünəməxsusluğu ilə seçilir. Bunun da əsas səbəbi bu dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri də bunu təsdiq etdi. Belə ki, Qırğızıstan mətbuatının məlumatına görə, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Prezidenti Sadır Japarov qarşılayıb.Dövlət səfəri çərçivəsində dövlət başçıları ikitərəfli danışıqlar aparacaq və Dövlətlərarası Şuranın I iclasında iştirak edəcəklər.Bundan əlavə, dövlət səfəri çərçivəsində “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulub.Bir sözlə, Azərbaycan Prezidentinin Qırğız Respublikasına səfəri Azərbaycanın Qırğızıstanla əməkdaşlığının gələcək illərdə də mövcud potensialdan tam istifadə üçün daha böyük addımlar atılacağını təsdiqləyir.
Azərbaycan–Qırğızıstan: tarixin sınağından çıxmış qardaşlıq münasibəti
Bəli, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf edir. Çünki Qırğızıstan və Azərbaycan xalqları eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Dini və milli mənsubiyyət eyniliyi, oxşarlığı gələcək münasibətlərin inkişafında əsas kredo kimi götürülür. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşdur. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda təxminən 20 mindən çox azərbaycanlı Qırğızıstan Respublikasında yaşayır. Onların əksəriyyəti bolşevik dövrünün 1930-cu illər repressiyalarında bu ölkəyə sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. İki ölkə arasında fundamental diplomatik əlaqələrin əsası 1993-cü ildən qoyulmuşdur. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin görüşü keçirilmişdi. Azərbaycan Prezidenti Heydər Əliyev daha sonra 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib və orada qırğızıstanlı həmkarı ilə görüşüb. 11 noyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanıb.Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Qırğızıstan münasibətləri daha yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin işi zamanı 2003-cü il dekabrın 10-da Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı Qırğızıstan Prezidenti Dağlıq Qarabağ probleminə toxunaraq, qeyd edib ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu mövqeyimizdə qalacağıq. Bundan sonra 2004-cü il iyunun 2-də Qırğızıstanın müdafiə naziri E.Topoyev Bakıda rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan və Qırğızıstan arasında hərbi sahədə əməkdaslıq haqqında saziş imzalanıb. 2006-cı ilin 17 noyabrında Antalyada keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının VIII Zirvə görüşü və 3 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının 9-cu Zirvə görüşü keçirilir. Hər iki zirvə görüşü ciddi bəyanatlarla yadda qalır. Zirvə görüşünün sonunda prezidentlər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini və Türkdilli Ölkələrin Dövlət Başçılarının 9-cu Zirvə toplantısının yekunu olaraq Naxçıvan Bəyannaməsini imzalayıblar. 2013-cü ilin avqustun 15-16-da Qırğızıstan Respublikasının Prezidenti də Qəbələ şəhərində keçirilən TDƏŞ-in III Zirvə görüşündə iştirak etmişdir. Bu zirvə görüşü çərçivəsində Qırğızıstan və Azərbaycan prezidentlərinin görüşü də keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ildə Bişkekə səfəri Qırğızıstan–Azərbaycan ikitərəfli münasibətləri tarixində ən əhəmiyyətli dönüş nöqtələrindən biri olur və iki ölkə arasında iqtisadi, siyasi, elmi-texniki, gömrük sahələrində əməkdaşlığa yeni təkan verir. İllərdir ki, hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 29 oktyabr 2004-cü ildə BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Məclisin gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir. Bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə də məhz Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanıb.Bir sözlə, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan–Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. Göründüyü kimi, Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Onlar belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Qırğızıstan münasibətləri
Müasir dövrdə Azərbaycan-Qırğızıstan münasibətlərinin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfər edib. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Qeyd edək ki, bugünkü səfər Azərbaycan Respublikası Prezidentinin Qırğızıstana ilk dövlət səfəridir. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Sazişin imzalanması nəzərdə tutulur. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” Ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak edəcək.
Bundan əvvəl Prezident İlham Əliyev Qırğızıstana iki dəfə işgüzar səfər edib. 2016-cı ilin sentyabrında həyata keçirilmiş səfər zamanı Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında və 2018-ci ilin sentyabrında isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Çolpon-Ata şəhərində keçirilmiş VI Zirvə Görüşündə iştirak edib.Bu erdə bu il iki ölkələr arasında strateji tərəfdaşlıq Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər məzmun baxımından əhatəli və hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərdi. İmzalanan sənədlərdən ən əsası "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"dir. Azərbaycan Prezidenti İlham Əliyev həmin mərasimdə bildirmişdir: «Bu sənəd iki dövlət arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və hər iki dövləti məhz strateji xarakterli əməkdaşlığa kökləyir. "Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir". Bəli, bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla əməkdaşlığın geniş perspektivləri var və gələcək illərdə mövcud potensialdan tam istifadə üçün daha böyük addımlar atılacaq. Göründüyü kimi, Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir və ölkələrimiz belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər. Bir sözlə, Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri, Prezident Sadır Japarov ilə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Dövlət başçımızın dediyi kimi: "Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB