“Ermənistan həm də qanunsuz məskunlaşma aparıb” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanlılar əzəli və tarixi torpaqlarına qayıdırlar. 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında olarkən viranə qoyulan kənd və şəhərləri bu gün yenidən qurulur, infrastruktur layihələri həyata keçirilir ki, yaxın zamanda vaxtilə öz yurdundan, evindən-eşiyindən didərgin düşən milyonlarla vətəndaşımız öz evinə, isti ocağına qayıtsın. Bu proses dövlətimizin nəzarəti altında həyata keçirilir. İndi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük quruculuq işləri görülür. Torpaqlarımız işğaldan azad ediləndən bu yana yeni yollar salınıb, dəmir yolu xətləri çəkilib, ərazilərin elektrik, su, qaz və digər sosial layihələr həyata keçirilib. Bununla yanaşı həm də kənd təsərrüfatı sahələrinin inkişafı üçün addımlar atılır, ərazilər ermənilər tərəfindən basdırılmış minalardan təmizlənir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən ilk qanunsuz əməllərindən biri də xarici ölkələrdə yaşayan ermənilərin Qarabağda və Şərqi Zəngəzur ərazilərində məskunlaşdırmaq olub: “Suriyadan, Livandan gətirilən ermənilər 2011-2016-cı illər ərzində işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşdırılıblar. Bu da təbii ki, bütün beynəlxalq qanunlara, norma və prinsiplərə ziddir. Ermənistanın başqasının torpağında, BMT tərəfindən tanınan ərazilərində məskunlaşma aparması əslində dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən pislənməli, bu əmələ görə cəzalandırılmalı idi. Amma dünyada olan ikili standartlar bu məsələdə də özünü göstərib. Ötən 30 ildə Ermənistanın əməllərinə göz yumulub, Azərbaycanın səsi eşidilməz olub”.

Deputat həmçinin qeyd edib ki, 2020-ci ildən sonra dünya birliyinin bu məsələyə münasibəti tamamilə dəyişib: “Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam şəhərində görüşən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edərkən də bu məsələ ətrafında geniş söhbət açılıb. Dövlətimizin başçısı bu əməkdaşlıqdan məmnun qaldığını bildirib və ölkəmizin BMT-nin Məskunlaşma Proqramı ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Maimuna Mohd Şərif isə Azərbaycanla Məskunlaşma Proqramı arasında əməkdaşlığın hərtərəfli qaydada inkişaf etdiyini vurğulayıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma işlərinin miqyasından və sürətindən heyranlığını ifadə edib. Bu görüşdən gə bəlli olur ki, Azərbaycan haqlı mövqedədir, Qarabağın, Şərqi Zəngəzurun qanuni sahibidir. Ermənistan 30 ildə bütün əraziləri dağıtmaqla, viran qoymaqla məşğul olub, vandallıq edib, milli, mədəni, tarixi abidələri məhv edib, səhiyyə, təhsil ocaqlarını yer üzündən silib, qəbristanlıqlara qarşı, dini ibadət yerlərimizə qarşı vəhşiliklər törədib, azərbaycanlılara aid mülklər, ev əşyaları talan edilib, tarixi eksponatlar erməni adı ilə xarici dövlətlərdə keçirilən auksionlarda hərraca çıxarılıb. Budur, ermənilərin iç üzü. Dünya birliyi artıq kimin kim olduğunu bilir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə