“Azərbaycan-Bolqarıstan əlaqələri sağlam təməllər üzərində qurulub” AÇIQLAMA

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-dan oktyabrın 1-dək Bolqarıstan Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, paytaxt Sofiyada naməlum əsgərin məzarını ziyarət edib. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək görüşdən sonra hər iki ölkə Prezidenti geniş tərkibdə görüşüb və mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxışı zamanı hazırkı dövrdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunub”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan digər Avropa ölkələri ilə olduğu kimi, Bolqarıstanla da iki dost və strateji tərəfdaş ölkələr olaraq sıx əlaqədədir: “Ölkələrimiz arasındakı siyasi, iqtisadi əlaqələr davamlı olaraq inkişaf edir və bu gün əlaqələrimiz yeni mərhələyə qədəm qoyub: “7 il bundan öncə ölkəmizlə Bolqarıstan arasında Strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb və iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf etməyə, qarşılıqlı uğurlu əlaqələr müxtəlif sahələri əhatə etməyə başlayıb. Bu gün çoxşaxəli əlaqələrimiz qarşılıqlı maraq doğuran strateji tərəfdaşlığımızda yeni imkanlar açır. Siyasi və humanitar, ticari sahələri əhatə edən münasibətlərimiz dövlətlərimizin və xalqlarımızın maraqlarına xidmət edir. Dünyada hökm sürən gərginliyin və bir sıra dövlətlər arasında fikir ayrılıqlarının acı nəticələrinin fonunda Azərbaycan-Bolqarıstan əlaqələri və bir sıra məsələlərlə bağlı ortaq fikir birliyi ümumbəşəri və sivil dəyərlərə ən böyük töhfədir”.

Xüsusilə dünyada enerji təhlükəsizliyinin bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etdiyinə diqqət yönəltsək, enerji sahəsini əhatə edən ikitərəfli əlaqələrimizin faydaları əvəzsizdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verir və Avropa ölkələri ilə qurulan münasibətlər, qaz hasilatının artırılması gələcəkdə daha böyük faydaları təmin edəcək.

Rayon təşkilatının sədrinin fikrincə, nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq və strateji tərəfdaşlıq əlaqələrinin əhatəsini daha da genişləndirməklə gələcəkdə təmaslarımızın intensivləşməsinə şərait yaradacaq: “Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturunun qurulması bir sıra ölkələri təbii qazla təmin etməyə kömək edəcək. Bu yaxınlarda Avropa İttifaqı ilə imzalanan enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum məhz bu məqsədə xidmət edir. Çağdaş dövrümüzdə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) layihəsinin həyata keçirilməsi istər Azərbaycan, istərsə də Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki enerji təhlükəsizliyi və daxili tələbatın ödənilməsi hər bir ölkənin təhlükəsizliyinə birbaşa təsir edir. Bu səbəbdən Azərbaycanın Avropa üçün yaratdığı imkanlar və bu sahədə əməkdaşlığa hesablanan qarşılıqlı münasibət Avropa tərəfindən yüksək qiymətləndirilir”.

Ümid edirik ki, iki ölkə arasında sağlam təməllər üzərində qurulan əlaqələr iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın daha da dərinləşməsinə və gələcəkdə daha geniş sahələri əhatə edəcəyinə əsaslı zəmin yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə