"Hər iki ölkənin gələcəyi regiona yaxşı bir şey vəd etmir” - POLİTOLOQ ŞƏRH ETDİ

"İran və Rusiyada baş verən proseslər mahiyyət etibarilə regionda gərginliyin artırılmasına xidmət edən hadisələrdəndir. Əlbəttə proseslərin belə şəkil alması gözlənilən idi. Çünki region gərginliklərlə dolu idi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, İran daxilində uzun müddətdir ki, həll olmayan problemlər mövcud idi: "Bu proseslər yavaş-yavaş baş qaldırmağa başladı və nəzərə alaq ki, İranla bağlı Qərb ölkələrinin xüsusi planları var və onları həyata keçirməyə çalışırlar. Bundan əlavə hakimiyyət daxilində xalqla hakimiyyət arasında baş verən gərginliyin fonunda bu hadisələrin baş verməsi gözlənilən idi. Bu gün artıq İranda hakimiyyətlə xalq arasındakı gərginlik yüksək səviyyədədir. Bunun qarşısını hakimiyyət ala bilmir.

Rusiyanın isə 8 aydan artıq davam edən gərgin vəziyyəti Ukraynada qələbə əldə edəcəklərinə hesablanıb və bu qələbə nəticəsində regionda söz sahibinə çevriləcəklər. Amma bu aylar ərzində Rusiya ciddi uğur əldə edə bilmədi. Yenidən Rusiyada səfərbərlik elan edilməsi, Ukrayna ərazilərinin qanunsuz ilhaqı ölkə daxilində yaranan gərginliyin rüşeymlərini formalaşdırırdı. Yəni Rusiya daxilində insanlar səfərbərliyə getməmək üçün etirazlara başladılar. Bir tərəfdən bu məsələ, digər tərəfdən isə bunu fürsətə çevirən beynəlxalq güclər var idi ki, Rusiyaya qarşı üsyan çıxarırdı. Belə tendensiyanın davam etməsi Rusiyanın xeyrinə deyil. Bu hal ölkənin dağılması prosesini sürətləndirə bilər.

Həm İranda, həm Rusiyada daxili gərginliklərin artırılması mahiyyət etibarilə hər iki ölkənin daxildən parçalanmasına yönəlib. Həm Rusiya, həm də İran beynəlxalq təşkilatlar tərəfindən sanksiyalar tətbiq edilir və onlar demək olar ki, dünyadan izoliasiya edilirlər. Bu isə o deməkdir ki, hər iki ölkənin gələcəyi regiona yaxşı bir şey vəd etmir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə