“Cəbrayıla xoş gəlmisiniz” sözlərini görmək insanı qürurlandırır” - DEPUTAT ŞƏRH ETDİ

"İki il əvvəl başlanan Vətən müharibəsinin hər günü Azərbaycan ordusu uğur qazanır və tarixi torpaqlarımız qarış-qarış işğaldan azad olunurdu. Oktyabrın 4-də də Cəbrayıl rayonunun işğaldan azad olunması tarixidir. Bir gün əvvəl, oktyabrın 3-də isə strateji əhəmiyyət daşıyan Suqovuşan azad olunmuşdu. Vətən müharibəsinin ilk günü də daxil olmaqla 44 hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər - Cəbrayıl və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonunda 27 ildən sonra Azərbaycan bayrağı dalğalandı. Şəhərin girişində “Cəbrayıla xoş gəlmişsiniz” sözlərini görmək insanı qürurlandırır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, müzəffər ordumuzun Cəbrayılı azad etməsilə digər ərazilərimizdə də uğurlu əməliyyatlar reallaşdırmaq mümkün oldu: "Çünki bu illər ərzində düşmən Cəbrayıl ərazisində dərin istehkamlar qurmuşdu və bu sədləri yarmaq böyük qəhrəmanlıq tələb edirdi. Müzəffər ordumuz bunu bacardı və Cəbrayıldan sonra Xocavəndin cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirilməsi üçün geniş imkanlar yarandı. Eyni zamanda Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. 44 günlük müharibə başa çatdıqdan sonra noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Müzəffər ali baş komandan müqəddəs bayrağımızı Cəbrayılın ərazisində yerləşən tarixi Xudafərin körpüsündə ucaltmaqla bütün dünya azərbaycanlılarına fəxarət hissi bəxş etdi.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, əslində Cəbrayılın azad olunması 2016-cı il aprel döyüşləri nəticəsində başlamışdı. Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Həmin dövrdə Ağdərə istiqamətində də Azərbaycan ordusunun nəzarətə götürdüyü önəmli strateji yüksəkliklər 44 günlük müharibədə həlledici rol oynadı.

Son iki ildə azad olunmuş ərazilərin bərpası sürətlə və kompleks şəkildə davam edir. Xüsusilə ötən il Prezident fərmanı ilə burada yaradılan “Araz Vadisi İqtisadi Zonası” bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün təkandır.

Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli oldu. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasına töhfə olacaq. Beləliklə, 27 il məcburi köçkün həyatı yaşamış soydaşlarımız doğma Cəbrayıla qayıdaraq, burada əbədi yaşayacaqlar".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə