"Biz hər zaman erməninin başını əzəcəyik - SORĞU - QAZİLƏR DANIŞDI

"Biz hər zaman erməninin başını əzəcəyik - SORĞU - QAZİLƏR DANIŞDI

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. SİA ermənilərin bu təxribatçı əməlləri ilə bağlı Vətən müharibəsi qazilərinin fikirlərini öyrənmək məqsədi ilə onlar arasında sorğu keçirib:

Vətən müharibəsi qazisi Polad Rzayev: “Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə də şəfa versin. 12-14 sentyabrda baş verən hadisələr erməni vandallarının revanşist siyasətinin nəticəsində baş verib. Bu təxribat nəticəsində onlar bir daha nə qədər çürük bir siyasətlərinin olduğunu sübut etdilər. Mən həmin zamanda öz ordumuza dəstək ola bilmədiyim üçün çox böyük təəssüf hissi keçirirəm. Ermənilərin bu kimi təxribat etməsi ilk deyil. Onlar illərdir ki, bizim xalqımıza qarşı təxribatlar törədiblər. Ermənilər yaxşı bilirlər ki, onların qarşısında 1990-ci illlərin azərbaycanlısı yox, bugünkü günün güclü Azərbaycanlı ordusu var. Mən bilirəm ki, onlar bunun çox yaxşı fərqindədirlər. Məhz bu səbəbdən də bizdən qorxurlar. Ermənistanın daxilində olan çəkişmələr nəticəsində də bu cür təxribatlar baş verir. Lakin Azərbaycan dövləti və ordusu Ali Baş Komandanın rəhbərliyi ilə baş verəcəklərin qarşısını alacaq. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı!”.

Vətən müharibəsi qazisi Rafael Nuriyev: “Sentyabrın 12-si erməni xisləti ilə köklənmiş Ermənistan ordusunun diversiya qrupları geniş təxribatlar törətməyə başladılar. Təbii ki, bunun qarşılığını çox ağır şəkildə ödədilər. Lakin bir mənalı olaraq istər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi və 30 ilə yaxın işğal dövründə erməni vandalizmi kəskin şəkildə özünü biruzə vermişdir. Son hadisələr onu deməyə əsas verir ki, erməni vandalizmi bitməyib və hətta deyərdim ki, bu hal yeni mərhələyə keçid alıb. Bu aktivlik ümumilikdə sülhə mane olmağa köklənib. Lakin onlar bir şeyi unudurlar ki, cənab Ali Baş Komandanın dediyi kimi "Dəmir Yumruq" hər zaman yerindədir. Əgər təxribata əl atacaqlarsa qat-qat ağır cavablarını alacaqlar. Azərbaycan gənci heç vaxt unutmamalıdır ki, onun erməni kimi çürük xislətli düşməni var. Ona görə gənclərimiz hər zaman hazır olmalı, baş verən təxribatların qarşısını almağı bacarmalıdır”.

Vətən müharibəsi qazisi Turab Allahverdiyev: “Mən Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) 22 il xidmət etmiş biri kimi deyə bilərəm ki, düşmən Vətən müharibəsindən dərs götürmədi. Onlara göstərdiyimiz sarsıdıcı zərbələrdən nəticə götürmədilər. Bunun nəticəsi olaraq da sentyabrın 12-14-də yenidən çirkin əməllərindən əl çəkməyərək təxribat törətdilər. Orudumuzun ön xəttində yerləşən bölgələrimizə təxribat əməli törətdilər. Buna görə də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəhidləri oldu. Allah şəhidlərimizə rəhmət etsin. Bütün şəhidlərimizin qəbri nurla dolsun. Bizim şəhidlərimiz başımızın tacıdır. Onlar bizim yolumuzda canından, qanından keçiblər. Şəhidlərimizin övladları, ailələri hər zaman Azərbaycan dövlətinin himayəsində olacaqlar. Çünki onların ailələri bizə əmanətdir. 44 günlük Vətən müharibəsi ərzində necə ki, xalqımız Ali Baş Komandanın "Dəmir Yumruğ"u ətrafında birləşmişdisə, yenə də cənab Prezidentin" Dəmir Yumruğ"u ətrafında sıx birləşmişik. Ermənilər bilməlidir ki, Azərbaycan dövlətinin güclü ordusu var. Biz düşmənin başını hər zaman əzməyə hazırıq. Hər zamanda onları əzəcəyik”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə