“Vətən müharibəsi bizim şanlı tariximizdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Vətən müharibəsi bizim şanlı tariximizdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Anım Günü, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir: “Zəfər tarixinə nəzər salaraq, görərik ki, Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən və uzun illər həllini tapmayaraq aparılan nəticəsiz danışıqlar əsasında başlamışdır: “2020-ci il sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalqımızın yenilməz birliyindən ruhlanaraq düşmənə sarsıdıcı zərbələr endirmişlər. 44 günlük Vətən müharibəsinin ikinci il dönümünü qeyd edirik və bütün dünya bizim qəhrəman övladlarımızın şücaətini gördü. Xalqımızın birliyi, iradəsi və əzmkarlığı bizi qələbəyə gətirdi. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Bəli, Vətən müharibəsi dövründə Xalqla Dövlətin bir yumruq kimi birləşməsinin, düşmənə mənəvi zərbəsini də mütləq olaraq qeyd etməliyik”.

Deputat sözlərinə belə davam edib: “Vətənimiz uğrunda mübarizə dövründə, Prezident İlham Əliyev diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğuru olmuş – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.
Vətən müharibəsi zamanı siyasi partiyaların da Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir.

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazılmışdır. Cənab Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Ölkə Rəhbəri öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirdi.

Tarixdə bu gün, səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.

Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu müharibənin qəhrəmanları, şəhidlər və qazilər bizim qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımızın göstərdiyi əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, hər zaman xalqın dəstəyinə arxalanan Prezident və öz Prezidentinə arxalanan xalq, qarşılıqlı olaraq düşmənə həm də mənəvi sarsıntı yaşatdılar.
Həmin dövrdə, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, xalqımızın qələbə əzmini sarsıda bilməmişdir. Qurtuluş savaşında minlərlə şəhid verdik, həmvətənlərimiz arasında itkin düşənlər, sağlamlığını itirənlər də oldu. Lakin, torpaqlarımızı işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edə bildik.

Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

Müzəffər Ali Baş Komandan Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini daim yüksək tutur, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır, müvafiq qurumlara bununla bağlı lazımi tapşırıqlar verir.

Bu günü Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, uğrunda qanlarından, canlarından keçən bayrağımız şəhərlərdə, kəndlərdə, evlərin eyvanlardan asılaraq dalğalanır. Məsçidlərdə, dini məbədlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhlarına dualar oxunur. Bu gün həmçinin İnsanlarımız Anım Gününü, gözlədikləri zəfər və iftixar günü kimi də qeyd edirlər. 24 sentyabır qürur və birlik günümüzdür.

Bu gün biz azad olunmuş torpaqlarımıza maneəsiz gedirik, orada beynəlxalq tədbirlər keçiririk. Bunların hamısı ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyəti sayəsində olmuşdur. Həmin dövr ordu və hakimiyyət birliyi, ölkə rəhbərinin uzaqgörənliyi sayəsində ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu

Vətən müharibəsi şəhidlərinin xatirəsi xalqımızın əbədi olaraq qəlbində daim yaşayacaq. Onların qəhrəmanlıqları unudulmayacaqdır. Düşmənlərimiz 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin və xalqının qüdrətini gördü. Azərbaycan dövləti bütün dövrlərdə olduğu kimi, bundan sonra da şəhid ailələrinin və qazilərin yanında olaraq, onların problemlərinin həllinə xüsusi diqqət göstərəcək.

Qəhrəmanlar unudulmur! Vətən yolunda öz canlarından keçən hər bir Şəhidimizin ruhu qarşısında baş əyir, ruhunuz şad olsun deyir, ehtiramımızı bildiririk”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə