“Laçın şəhərində bayrağımızın ucaldılması Azərbaycanın mövqelərini daha da gücləndirəcək” - DEPUTAT ŞƏRH ETDİ

“Laçın şəhərində bayrağımızın ucaldılması Azərbaycanın mövqelərini daha da gücləndirəcək” - DEPUTAT ŞƏRH ETDİ

“Laçın şəhəri, Zabux və Sus kəndlərinin azad olunması Azərbaycanın növbəti qələbəsidir. 44 günlük müharibə zamanı Azərbaycan bir addım belə geri çəkilmədiyi kimi, postmünaqişə dövründə də hər keçən gün Azərbaycan uğur qazanır. Biz sərhədlərimizə çıxmaqla yanaşı, həm də orada möhkəmlənirik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, strateji əhəmiyyətə malik olan Laçın şəhərinə nəzarət isə mövqelərimizi daha da möhkəmləndirəcək. 10 noyabr 2020-ci il Bəyannaməsində də göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir: “Bu bəndi də bəyanata saldıran Azərbaycan Prezidenti olub və ən böyük uğurlardan biri bizim bu yolu cəmi 1 ilə inşa etməyimizdir. Müharibədən dərhal sonra sülhməramlıların burada yerləşməsi ermənilərdə müəyyən ümidlər yaratsa da, zaman-zaman məsuliyyət zonasında təxribatlar törədilsə də bunun sonsuza qədər davam etməyəcəyi aydın idi. Çünki müzəffər Ali baş Komandan İlham Əliyev hər zaman bəyan edirdi ki, biz Laçın şəhəri, Zabux və Sus kəndlərinə mütləq qayıdacağıq. Dövlət başçımız nəyi nə zaman etməyi yaxşı bilir. Vəziyyət getdikcə Azərbaycanın xeyrinə dəyişirdi, artıq sülhməramlılar da mövcud reallığı qəbul edir. Üstəlik yeni yolun çəkilişinin Ermənistanla razılaşdırılmaması da təbiidir. Çünki dövlət başçımızın da söylədiyi kimi,

Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistan sərhədinə çıxışın hansı nöqtədən olacağı bildirilib və onlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Qarşı tərəf isə məhz vaxt uzatmaq üçün bunu etmədi. Amma bu, nəticəni dəyişmədi. Hətta Ermənistan yolu 2023-cü ilin sonuna qədər inşa edəcəyini deyirdi. Təbii ki, Azərbaycan bununla razılaşa bilməzdi.

Qeyri-qanuni məskunlaşan ermənilər aqressiv reaksiya versələr də, təbiətə zərər vuraraq yanğınlar törətsələr də bunun bir nəticəsinin olmayacağını özləri də dərk edirdilər. Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Prezident İlham Əliyev də hər zaman deyirdi ki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Zaman bunu bir daha təsdiqlədi.

Laçının mərkəzinin azad olunması bir daha göstərdi ki, normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Bu, Azərbaycanın daxili işidir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Söhbət yalnız Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən gedir ki, bu məsələ ilə bağlı da bizim mövqeyimiz dəyişməz olaraq qalır- onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Yəni, reallıq budur ki, etnik ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə