Qardaşlıq və birliyin simvolu: İslam Həmrəyliyi Oyunları TƏHLİL

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurdu

İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Azərbaycan dünyanın idman arenasında artıq özünə layiqli yer tutub. İstər beənəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 54 ölkənin təmsilçiləri sırasında Azərbaycan da yer almışdır. Konya 2022-ci ilin ən böyük idman yarışına yüksək səviyyədə ev sahibliyi etdi. Qədim tarixi olan bir şəhər müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda hər kəs özünün öz torpağındakı kimi hiss etdi. Qardaş şəhərdə mübarizə aparıldı. İslam həmrəyliyi, qardaşlıq və birliyin nümunəsi idi bu. Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakları böyük rəğbətlə qarşılandı.
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşü zamanı dövlət başçısı çıxışında bildirdiyi kimi, "Bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər".

HEÇ KƏS MƏĞLUB DEYİL, QAZANAN QARDAŞLIQ, BİRLİK VƏ BƏRABƏRLİK OLDU

Avqustun 9-18-də keçirilən V İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə apardı. Azərbaycanı İslamiadada 281 idmançı təmsil etdi. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınadılar. Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada yer aldı. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.

Xatırladaq ki, "Bakı-2017"də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparmışdı. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olmuşdu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşmışdı.
Əlbəttə ki, bu yarış islam həmrəyliyinin, birliyinin nümayişidir. V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlunun qeyd etdiyi kimi, "Oyunlar bundan sonra da böyük həyəcan və coşqu ilə keçiriləcək. Bu yarış ölkələr arasında qardaşlığın möhkəmlənməsinə təkan verəcək. Bu Oyunlarda heç kəs məğlub deyil, qazanan qardaşlıq, birlik və bərabərlik oldu".

AZƏRBAYCANIN MÜSƏLMAN DÜNYASININ HƏMRƏYLİYİNƏ TÖHFƏSİ

İslam Həmrəylik Oyunlarının tarixinə nəzər salsaq görərik ki, dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılarının iştirakı ilə keçirilir. Onu da qeyd edək ki, Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da Oyunlarda iştirak etməyə icazə verilir.
İlk dəfə bu Oyunlara Səudiyyə Ərəbistanı ev sahibliyi etsə də, sonradan estafet dəyişib. Oyunlar 2013-cü ildə İndoneziyada yüksək səviyyədə keçirilib, Azərbaycan 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarına böyük müvəffəqiyyətlə ev sahibliyi edərək müsəlman dünyasının həmrəyliyinə töhfəsini verib. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha göstərdi. 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan, eləcə də bütün İslam dünyası üçün mötəbər idman təntənəsi kimi nüfuz qazandı. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Xəzərdən başlayan su səyahəti ilə start götürdü. Su aydınlıq, xeyir və bərəkət, həyat mənbəyidir. Elə həmin il, yəni, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi təbii ki, təsadüfi deyildi. Prezident İlham Əliyevin bu barədə Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub.

"BİZ ARTIQ MÜZƏFFƏR XALQIN NÜMAYƏNDƏLƏRİ, QALİB ÖLKƏNİN NÜMAYƏNDƏLƏRİ KİMİ BU OYUNLARDA İŞTİRAK EDƏCƏYİK"

Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında ilk dəfə olaraq qalib ölkənin idmançıları kimi çıxış etdilər. "Biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik" – deyən Prezident bildirib ki, döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək… Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız". Belə də oldu. İdmançılarımız yarışda 99 medal qazanaraq idman tariximizə daha bir səhifəni əlavə etdilər.
Xatırladaq ki, VI İslam Həmrəyliyi Oyunları 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə