Ermənilərin müharibə təlaşı başlayıb: irəli sürülən tələblər artacaq! FAKT

Tiqran Abramyan: “Azərbaycan davamlı olaraq xatırladır ki, müharibə başa çatmayıb”

Son vaxtlar istər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Qarabağ ərazilərində, istərsə də Ermənistanın Azərbaycanla hələ də delimitasiya və demarkasiya olunmamış və qeyri-müəyyən qalmış sərhəd ərazilərində baş verən erməni təxribatları səngimir. Maraqlıdır ki, təxribatlara rəvac verən erməni tərəfi olsa da, onlar dərhal ittihamlarını Azərbaycanın üzərinə yağdırırlar. Lakin unudurlar ki, Azərbaycanın da bu oyunbazlıqlara uzun-uzadı dözmək, səbr, təmkin nümayiş etdirmək fikri, marağı yoxdur.

Bu arada Ermənistanın müxalifətçi deputatı, “Şərəf duyuram” parlament fraksiyasının üzvü Tiqran Abramyan özünün feysbuk sosial şəbəkəsində bir neçə məqamlara toxunaraq əsas eyhamı Azərbaycana ittiham yağdırmaq üzərinə yönəldib və iddia edib ki, artıq Azərbaycan növbəti müharibəyə başlamaq hazırlığını görür. Ancaq maraqlıdır ki, o, erməni tərəfinin də fəaliyyəti barədə bəzi məqamları açıqlayıb.

“Azərbaycan qarşısına qoyduğu əsas məqsədini həll edib”

SİA xəbər verir ki, news.am Abramyanın fikirlərini dərc edib. Onun sözlərinə görə, müharibədən sonrakı aralıqda tərəflər yeni sərhəd əraziləri formalaşdırırlar, bu isə yerlərdə daha üstün mövqelərə sahib olmaq üçündür. “Azərbaycan müharibədən sonrakı siyasi boşluqdan və Ermənistan respublikasının rəhbərliyinin susqunluğundan istifadə edərək böyük hesabla öz əsas məqsədini həll etdi, mühüm istiqamətlərdə taktiki və strateji yerlərə sahibləndi. Elə yerlər də var ki, hələ də mövqe mübarizəsi aparılır və bu da situasiyalı dəyişikliklərlə müşahidə olunur”, deyə qeyd edən erməni deputatı sözlərinə əlavə olaraq bildirib ki, Azərbaycan özünün mövqe üstünlüklərindən istifadə etməklə hər dəfə Ermənistan respublikası hakimiyyətinə xatırladır ki, əgər daha əvvəl əldə edilmiş yazılı və şifahi razılaşmaları yerinə yetirməzsə, müxtəlif miqyaslarda güc tətbiqinin istifadəsi yenidən birinci plana çıxacaq.

“Azərbaycan bizim silahlı qüvvələrin daxili dislokasiyalarından tutmuş ön xəttdəki infrastruktur dəyişikliyindəki istənilən hərəkətlərini izləyir və bunu revanşa cəhd kimi qiymətləndirir”

Abramyan bildirib ki, cəbhədə mövsümi xarakterdə aparılan mühəndis işlərinin aktivliyi istər-istəməz müxtəlif tipli kəskinləşməyə gətirib-çıxarır: “Azərbaycan bizim silahlı qüvvələrin daxili dislokasiyalarından tutmuş ön xəttdəki infrastruktur dəyişikliyindəki istənilən hərəkətlərini izləyir və bunu revanşa cəhd kimi qiymətləndirir, eləcə də nəyin bahasına olursa-olsun onu dayandırmağa hazır olduğunu nümayiş etdirir”.

Erməni müxalifətçi deputatı son olaraq qeyd edib ki, Azərbaycan daima xatırladır ki, müharibə hələ başa çatmayıb, eləcə də Ermənistan respublikasının siyasi güzəştlərə getməsindən asılı olmayaraq hakimiyyətə qarşı irəli sürülən tələblər artmağa başlayacaq.

Göründüyü kimi, hazırda ermənilərin ictimai-siyasi rəyində açıq-aşkar müharibə xofu yaranıb və yaxşı bilirlər ki, bu xof ta o zamana qədər onları izləyəcək ki, Azərbaycanın tələblərini tam icra edib yerlərini bilsinlər!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə