Diqqət: Laçında daha bir erməni həyasızlığı! FOTOFAKT

Zabux kəndində qanunsuz məskunlaşan Livan və Suriya erməniləri saxta dini bayramlarını keçiriblər, Rusiya sülhməramlıları isə onların mühafizəsini təşkil ediblər

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ ərazilərində erməni özbaşınalıqları davam edir. SİA xəbər verir ki, bu dəfə Azərbaycanın Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan Livandan və Suriyadan olan separatçılar “vardavar” (sulaşma) adlı saxta dini bayramlarını keçiriblər.

Zabuxda "vardavar" adlı saxta bayram şənliyi

Üstəlik, dırnaqrarası bayramın keçirilməsi zamanı məlum olub ki, ermənilərin arasında qondarma “dqr”in “polis gücləri” adı altında formalaşmış silahlı terrorçu dəstələri də yer alıb.

Bu arada, mərkəzləri Xankəndidə yerləşən separatçıların internet resursları onu da yazıblar ki, sözügedən “bayram” terrorçu rejimin “tarixi mühitin qorunması” adlı qurumunun təşkilatçılığı ilə baş tutub.

"Dqr"in "polisi" adı altında silahlılar (formalarından seçilirlər) və Suriya-Livan erməniləri

Zabux kəndinin sözdə “icma rəhbəri” əslən Livan terrorçularından olan Andranik Çavuşyan erməni mediasına açıqlamasında bir daha “bayramlarını doğma torpaqlarında keçirdiklərini” vurğulayıb. Qeyd edək ki, bu, yeni Laçın yolunun istifadəsindən sonra Zabuxdan və Laçın şəhərindən çıxmayacaqlarını bəyan edən, hətta silahlı müqavimət göstərəcəklərini deyən həmin terrorçu Çavuşyandır.

Qara köynəkli terrorçu Çavuşyan

Maraqlıdır ki, yeni Laçın yolunun tikintisinin başa çatdırılmasından (iyulun sonu, avqustun əvvəlləri-R.R.) sonra Laçın şəhəri ilə yanaşı, Zabuxda qanunsuz olaraq yaşayan ermənilərin Ermənistana köçürüləcəyi haqda məlumatların olmasına baxmayaraq, məhz bu istiqamətdə yaşayan separatçılar hələ də köçmələri üçün heç bir hazırlıq işləri aparmırlar. Bu fakt isə üçtərəfli bəyanatın kökündən pozulması anlamını daşıyır və rəsmi Bakının son xəbərdarlıqları artıq qüvvəyə minə bilər.

Az qaldı...

Əgər bu gün Laçında bənzər olaylar yaşanırsa və Rusiya sülhməramlıları hələ də üzərlərinə düşən məsuliyyətlərini icra etmirlərsə, yaxud bunu qəsdən törədirlərsə demək ki, sözügedən prosesin ləngiməsinə çalışan qüvvələrin ayaqlarının yer aldığı qənaətinə də gələ bilərik.

Beləliklə, Zabuxda saxta bayramlarını qeyd edən separatçıların və eləcə də silahlı “polis güclərinin” məhz RSK-nın nəzarəti altında oyunbazlıqlar sərgiləmələrinə və nəticələrin hasil edilməsinə, xüsusilə RSK-nın bu kimi hadisələrə göz yummasının səbəblərinin araşdırılmasına ciddi ehtiyac yaranıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə