Qarşında üzümüz ağdır, Ağdam...

Ağdamın qara gününün ömrü 27 il olsa da, 2020-ci ilin 27 sentyabrdan başlanan İkinci Vətən Müharibəsi son qoydu o günlərə. Müzəffər ordumuzun sürətlə irəliyə doğru irəliləməsi, ağ atlı oğulların düşmənin qara kabusuna çevrilməsi nöqtələdi Ağdamın qara günlərinin ömrünü. Ali Baş Komandanımızın da söylədiyi kimi, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.

27 sentyabrdan başlanan hərbi yol 10 noyabrda siyasi yolla birləşərək Ağdamın qələbəsini yaxınlaşdırdı. Tarix yenə 27 il əvvələ geri döndü. Lakin bu dönüş azərbaycanlıların başına açılan o müsibətli günləri qələbə sevinci ilə əvəzlədi. Bu dəfə əzilən başqasının torpaqlarında ağ gün axtararkən qara günlərin sahibinə çevrilənlər oldu.

Ağdam ağdamlılara qaytarıldı

Qədim tarixə malik çoxlu sayda memarlıq və incəsənət abidələri 27 ildə yerlə yeksan olunub Ağdamımızın. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, onlarla muzey, məscid, kitabxana, teatr, məktəb düşmənin vəhşiliyi ilə üzləşib. Meşələr yandırılıb, məhv edilib. Məscidlərdən başqa çirkin məqsədlər üçün istifadə olunub. Lakin vətən oğulları əllərinə silah alıb düşməni torpaqlarımızdan qovduqları kimi, məscidlərimizə də həmin əllərlə təmizlənmək, paklanmaq nəsib oldu. Bu qeyrətli oğulların sayəsində Ağdamın əzan səsi təşnəsinə də son qoyuldu. Ağdamda Azərbaycan bayrağı ucaldıldı. Ağdam bu doğma nəfəsləri, tanış əllərin hərarətini duyduqca gülümsəyirdi. 27 il ağ çöhrəsinə qaranlıq çökən Ağdam gülümsəyirdi. Dağıdılmış, viran edilmiş abidələri, tarixi yerləri, incəsənət, mədəniyət nümunələri, bərəkətli, altı da, üstü də zəngin torpaqları ilə birlikdə gülümsəyirdi. Çünki o əllər bu yurd yerinə yeni həyat vermək üçün gəlmişdi. Minlərlə evin daşı daş üstündə qalmayan bir yurdu yurddaşlarına vermək, buraya yeni novraq bəxş etmək üçün gəlmişdi. Ağ günlərin müjdəsi ilə Ağdam gülümsəyirdi. Qələbəsini, azadlığını bayram edirdi.

Tarix öz siyasi lideri və səhifələrinə minilliklərin hünər salnaməsini yazan azəri övladlarının şücaəti ilə Ağdamı ağdamlılara qaytardı. Həmin gün Ağdamın üzərindən qara buludlar çəkildi, səması aydınlandı, bəyazla mavinin harmoniyası ilə Ağdamın “çöhrəsini” gülümsəyən gördük...

20 noyabr 2020-ci il-tariximizin qırmızı səhifəsi

20 noyabr 2020-ci il. Nə gözəl, yaddaqalan tarixə təsadüf edir Ağdamın ağ gününə qovuşması. Üzünə həsrət qaldığı, dalğası hicranı olan bayrağına qovuşması. Bütün rənglərin təməlində ağ rəng dayanır, deyirlər. Öz bəyazlığı fonunda üç rəngdən yaranan üçrəngli bayrağını sinəsinə sancdı, başını dik tutub, “Mən azad oldum, mən doğma Vətənimə qovuşdum”,- dedi Ağdam. Ağdamın azad olunduğu tarix xalqımızın çoxəsirlik tarixində qırmızı bir səhifə açdı. Bu səhifə ilə əsrlər sonra da övladlarımız tanış olduqca qürur duyacaq, fəxr edəcəklər.

44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”.

Bəyaz yurda yaz gəldi

27 il idi ki, adından “ağ” sözünü çıxarıb Qarabağın qara bəxti, qara taleyi adlandırmışdıq Ağdamı. Çünki ağ günündən, ağappaq şölə saçan növrağından əsər-əlamət qalmamışdı bu yurdun. Ona yad əllər uzanmışdı. Bədxah addımlar köksündə yaralar açmışdı. Tanış olmayan nəfəslər bu yerlərin ağ gününə qara tüstü püskürmüşdü. İllərdi yanırdı çinarlıqları. Sökülürdü abidələri, mədəniyyət ocaqları. Dağıdılırdı zəhmət əllərinin ucaltdığı evlər-bir ailənin ümidi sökülürdü. Evindən-eşiyindən köçmək məcburiyyətində qalanların yuxularının tez-tez qonağı olurdu Ağdam. Bu yuxular dünyada məşhur olan Qarabağ atlarının məskəni olan Ağdamın ağ atlı oğullarından, ağ duvaqlı qızlarından “danışırdı”. 27 il əvvəl Qarabağın qoynunda ən çox şəhid verən bu bəyaz şəhərin qara günlərini nağıl edirdi o yuxular. Lakin nə bu yuxular, nə də real həyat belə davam etməyəcəkdi. Çünki azərbaycanlıların belə bir deyimi var: qara günün ömrü az olar. Oldu da, bəyaz yurda bir payız fəslində yaz gəldi. Möcüzə sanırsınız, deyilmi? Lakin bu, möcüzə deyildi, gerçəkdi. Dövlətimizin, ordumuzun gücü idi. Şəhidlərimizin, qazilərimizin bəyaz arzuları idi. Bu bəyaz arzular yaz gətirdi Ağdama, 27 il bahara həsrət qalan Ağdama...

Ağdam üçün yeni dövr başlayıb

Yurd salmaq, ev tikmək nə qədər çətin olsa da, uzun illərə başa gəlsə də, çox insanlar üçün bir ömrə bərabər olsa da, belə imiş Qarabağ torpaqlarının sakinlərinin alın yazısı. Dağıdılacaqmış illərlə qurub-yaratdıqları. Yeməklərindən, geyimlərindən kəsib daşa, quma verib ucaltdıqları yurdları dağıdılacaqmış. İçərisində nə xəyallar qurduqları evlərə həsrət qalacaqmışlar. Nə arzularla əkdikləri ağaclar bar üstündə düşmənin xəyanətkar əllərinə veriləcəkdi. 27 il bu yurdun insanları köçkün həyatı yaşaya-yaşaya tək təsəlliləri Ağdamın ağ günlərini xəyallarında canladırmaq olacaqdı.

Su gələn arxa, bir də gələr, deyib atalarımız. O arxın varlığı ilə ona yenidən su gələ bilirsə, torpağın varlığı ilə də yeni yurdlar salına bilər. Ağdamda da salınacaq o yurdlar. Sevinəcək, güləcək kəndləri, şəhərləri, insanları. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin dediyi kimi: İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb... Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur… Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.

Zəngilanın Ağalısı kimi, bir gün də Ağdama qayıdacağıq

Ağdamın ağ günə uzanan əllərinə dövlətimizin başçısı onlarla töhfə bəxş edib. Bu töhfələrlə Ağdam yaxın gələcəkdə ağ günlərin sahibi olacaq. Bu gün Ağdam nura boyanır. Bu nurda günişiqyaslı quruculuq işləri onun hüsnünü bəzəyir, tarixini, mədəniyyətini, olanlarını özünə qaytarır.

Bu ilin fevral ayının 13-də dövlətimizin başçısının və birinci xanımın “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirakları ilə 27 ilin qara libasını əynindən çıxarıb öz tarixi bəyaz donunu geyindi Ağdam. İşğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xəttinin, Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabelin çəkilməsi, bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xəttinin gətirilməsi bu rayonun ağ günlərə qovuşmasının başlanması idi.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizin coğrafiyasını, yeraltı və yerüstü təbii ehtiyatlarını, bu torpaqlardakı mövcud resursları, logistik imkanları nəzərə alınanda Qarabağın gələcək sənaye mənzərəsi gözlər önündə canlanır. Elə bu səbəbdən Ağdam Sənaye Parkının yaradılması da məhz ölkənin yaxın gələcəyə hesablanmış iğtisadi inkişafına xidmət edir. Eyni zamanda bu bölgəyə yeni həyat bəxş edir, insanların öz yurd-yuvalarına qayıtmalarına, məşğullqlarını təmin etmələrinə şərait yaradır, bu tarixi torpaqların zənginliyini, gücünü özünə qaytarır.

190 hektar ərazini əhatə edicək Ağdam Sənaye Parkında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Digər rezident -“Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək ki, bu da Ağdamı Ağdama qaytarmaq deməkdir.

Ölkə başçısı tərəfindən “Park Forest Otel Ağdam” mehmanxanasının, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binasının, Ağdam Mərkəzi Xəstəxanasının təməlinin qoyulması Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq” kimi dəyərli fikirlərinin bu gün reallaşmasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olmaları, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmaları bu abidələr diyarına yeni həyatın gəlməsindən, dağıdılanların hər birinin bir-bir bərpa ediləcəyindən xəbər verirdi. O gün isə uzaqda deyil. Bu günlər Zəngilanın Ağalı kəndinə başlayan Böyük Qayıdışı yaxın gələcəkdə Ağdamda da görəcəyik.

Qarşında üzümüz ağdır, Ağdam...

Şükürlər olsun ki, biz şərəf işimizi Zəfərlə həll edə bildik. Şükürlər olsun ki, torpaq adlı namusumuzu qoruya bildik. Onu düşmən tapdağından azad etdik. Şükürlər olsun ki, 30 ilin əvvəlində satılan torpaqlarımızı geri almaqda ətrafında sıx birləşdiyimiz liderimiz oldu. Bu liderin “dəmir yumruğ”unu milyonlarla həmrəy əl birlikdə düşmənin başına endirdi. Birinci Vətən Müharibəsindən bu yana özünü güclü bilən, əslində havadarları olmadan heç nə olan düşmənin. Bu xalq düşmənə kimliyini göstərdi. Eləcə də dünyaya. Göstərdi ki, bu xalq bütövlükdə məhv olar, lakin bir qarış torpağını heç kimə verməz.

23 iyul 1993-cü ildə Ağdam işğal olunmuşdu. 27 il sonra isə böyük şücaətlə düşməndən geri alındı. 27 il Ağdamın qarşısında üzümüz onun taleyi kimi qara oldu. Lakin bu gün onun qarşısında üzümüz önündə başlayan günlər rəngdədir. Başımız dik, üzümüz ağdır. Çünki biz onu anası Azərbaycana qovuşdurmuşuq...

Mətanət Məmmədova

Fotolar- Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə