Erməni silahlıları ilə əlbir olduqları üzə çıxan RSK-nın məqsədi nədir? TƏRS BAXIŞ+ÖZƏL

Suallar çoxdur və bu sualların cavabları istər onlar, istərsə də ermənilər tərəfindən verilməzsə həmin cavabı məhz və məhz Azərbaycan dövləti, Azərbaycan xalqı və nəhayət, Azərbaycan Ordusu verəcək, bax, bundan 1000 faiz əmin olsunlar!

Məlum olduğu kimi, bu günlərdə Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti yerləşdikləri Qarabağ ərazilərində (Xocalı istiqamətindəki Şuşakənddə - R.R.) erməni silahlı qüvvələri mühəndis-istehkam və texniki işlər keçirməklə mövqe möhkəmləndirmələri işlərini aparıblar. Məhz bu məlumat öz təsdiqini tapdıqdan sonra bir daha sübut olundu ki, Ermənistan 2020-ci ilin 10 noyabr Moskva Bəyanatına əməl etmək fikrində deyil, eləcə də bu məsələdə RSK-nın da məsuliyyətsizliyi göz önündədir.

Digər məlumatlara görə, məhz bu faktı qeydə alan Azərbaycan Silahlı Qüvvələri qanunsuz mühəndis-istehkam işlərinin aparıldığı istiqamətə doğru xəbərdarlıq siqnalı verib, preventiv ölçülərini götürüb, ən əsası isə, RSK komandanlığını hadisə ilə bağlı məlumatlandırıb, insident yerinə RSK-nın şəxsi heyəti cəlb olunub. Amma!

Amma təəssüf ki, RSK üzərinə düşən məsuliyyətini nəinki icra etməyib, əksinə - qanunsuz hərbi-texniki işlər aparan separatçılara, habelə erməni silahlı qüvvələrinə təhlükəsizlik buferi yaradıb. Beləliklə, işlər davam etdirilib, hətta işlərin gecə saatlarında davam etdirilməsi üçün şərait də yaradıb (?!).

Cavabımız nə olacaq?

Məhz bu faktdan sonra ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi müşavirədəki fikirlərini xatırlatmaq yerinə düşərdi. Azərbaycan Prezidenti vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Ermənistan qoşunlarının Qarabağdan çıxarılması ilə bağlı Azərbaycana verdikləri vədləri yerinə yetirməyiblər. “Bir neçə ay əvvəl Rusiya Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri Azərbaycanda olarkən Müdafiə Nazirliyimizə söz vermişdilər ki, Ermənistan hərbçiləri iyun ayına qədər Qarabağı tərk edəcəklər. Bu gün artıq iyulun ortasıdır, lakin bu məsələ həllini tapmayıb”, İlham Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan uduzan və təslim aktına imza atan tərəf kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Belə ki, Rusiya sülhməramlıları Ermənistanı öz qoşunlarını Qarabağdan çıxarmağa məcbur etmir və bu, Bakı üçün qəbuledilməzdir: “Əgər Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq istəmirsə, qoy bunu açıq desinlər. Cavabımız nə olacaq? Yəqin ki, indi bu haqda danışmaq yersizdir”.

Dövlətimizin başçısı həmin vaxt qeyd etmişdi ki, Ermənistana etibar etmək olmaz!

Fakt budur ki, hələ torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda aparılan 44 günülük müharibə zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev öz çıxış və müraciətlərində, habelə xarici medialara verdiyi müsahibələrində dəfələrlə (!) vurğulayırdı ki, əgər Ermənistan silahlı qüvvələri Bakının tələblərini yerinə yetirməyə razılıq verərlərsə o, dərhal müharibəni dayandırmaq əmrini verəcək. Məhz 10 noyabr 2020-ci ildə diz üstə çökürdülən Ermənistan kapitulyasiya aktına imza atdı, oradakı bəndləri realizə edəcəyi vədini verdi. Lakin göründüyü kimi, erməni tərəfi öz vədinə əməl etmir və bu amil özünü Prezident İlham Əliyevin ölkə jurnalistlərinə verdiyi müsahibəsindəki digər fikirlərini xatırladır. Dövlətimizin başçısı həmin vaxt qeyd etmişdi ki, Ermənistana etibar etmək olmaz!

Bakı bu kimi məsələlərdə öz təmkin və iradəsini daim ən yüksək səviyyədə qoruyub, amma...

Artıq bütün bu faktlar öz təsdiqini dəfələrlə tapıb və görünən budur ki, bu gün qanunsuz erməni silahlılarının əməllərinə rəvac verən tərəflərdən biri də Rusiya sülhməramlılarıdır. Bu xüsusda, son müşavirədəki çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Ermənistan qoşunlarının Qarabağdan çıxarılması ilə bağlı Azərbaycana verdikləri vədləri yerinə yetirməyiblər.

Əlbəttə, Bakı bu kimi məsələlərdə öz təmkin və iradəsini daim ən yüksək səviyyədə qoruyub, amma digər tərəfdən fakt budur ki, bundan sonrakı halları da gözləmə mövqeyində dayanması ilə müşahidə etmək fikrində deyil. Son anda isə ən sərt və qətiyyətli addımın atılması hər an öz qüvvəsində qalmaqdadır.

RSK karvanının qanunsuz silah daşıması faktı (?!)

Təəssüf və hiddət doğuran daha bir məsələ budur ki, yalnız erməni silahlıları deyil, eyni zamanda, RSK tərkibində xidmət aparan rusiyalı hərbçilər də qanunsuz əməlləri ilə yadda qalır, üstəlik bunu sübut edən daha bir fakt da bəllidir. Məsələn, bir sıra teleqram kanallarının yazdıqlarına görə, RSK-ya məxsus karvan Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi postdan keçərkən hərbi texnikanın gizli bölümündən beş ədəd, üstəlik siyahıya salınmayan Kalaşnikov markalı avtomat silah tapılıb. Azərbaycan SQ-i isə həmin karvanı geriyə qaytarıb. Sual yaranır: RSK həmin silahları kimlər üçün daşıyırmış? Təbii ki, ağıla gələn ilk istiqamət separatçılardır!

Sökülən azərbaycanlı evi və yağmaçılığı mühafizə edən RSK ZTR-i

Bu da son deyil. Daha sonra məlum olub ki, RSK Laçında talançılıqla, yağmaçılıqla məşğuldur. Bununla bağlı məlumatı isə caliber analitik informasiya mərkəzi yazıb. Qeyd olunur ki, sözügedən məsələ ilə bağlı eksklüziv kadrlar var. Kadrlardan isə göründüyü kimi Rusiya əsgərləri “Laçın dəhlizi” adlandırılan ərazidə 1992-ci ilə qədər Azərbaycan vətəndaşlarından birinin yaşadığı birmərtəbəli evin dam örtüyünü, eləcə də taxta-şalban konstruksiyalarını sökməklə, üzərində Rusiya Federasiyasının bayrağı olan yük maşınlarına yükləməklə məğuldur (???!!!). Onları isə ZTR-82A hərbi texnikası necə deyərlər, mühafizə edir. Məhz bu faktla da bağlı suallar yaranır.

RSK-nın hədəfi nədir?

RSK hansı, yaxud haradan verilən əmrə, qərara əsasən müvəqqəti nəzarət etdiyi dəhlizi vasitəsi ilə Ermənistandan daxil olan destruktiv (revanşist) elementləri Azərbaycan ərazisinə buraxır?

Yaxud, müvafiq ərazisini bu yaxınlarda tərk edəcəklərini bildikləri üçün əllərinə keçənləri mənimsəmək qərarına gəliblər?

Yoxsa separatçılarla anlaşıb maddiyyat qarşılığında bu kirli əməllərini icra edirlər?

Suallar çoxdur və bu sualların cavabları istər onlar, istərsə də ermənilər tərəfindən verilməzsə həmin cavabı məhz və məhz Azərbaycan dövləti, Azərbaycan xalqı və nəhayət, Azərbaycan Ordusu verəcək, bax, bundan 1000 faiz əmin olsunlar!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə