Kapitulyasiya sənədinə imza atan və üzərinə öhdəliklər götürən Ermənistan tərəfində öhdəliklərin yerinə yetirilməsi barədə düşünmək əvəzinə hələ də müxtəlif absurd spekulyasiyalara üstünlük verilir. Təbii ki, bu hal təkcə Azərbaycan deyil, bütün dünya ölkələri tərəfindən qeyri-normal qəbul olunur. Əslində, bütün dünya ölkələri, eləcə də dünya ictimaiyyəti üçün müəmmalı qalmayan məsələ, tarixi ədalətin bərpası fonunda Ermənistan tərəfinin absurd iddiaları hədsiz dərəcədə gülünc təsir bağışlamaqla yanaşı, ikrah da doğurur, üstəlik ittiham olunmaları üçün tutarlı əsas da yaradır.
Hələ də Ermənistan tərəfi müharibənin, cəmi 44 gün davam edən savaşın məntiqi nəticəsi kimi üzləşdiyi məğlubiyyətinə görə günahkar axtarır, günahkar bəllədiyini də dürmadan guya ifşa etməyə çalışır. Müharibənin bitməsindən iki ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də erməni cəmiyyəti məğlub olmalarına görə Rusiyanı, Amerika Birləşmiş Ştatlarını, xüsusilə Avropa İttifaqını günahlandırır. Hətta, sadalanan ölkələri, başda Avropa İttifaqı olmaqla bir sıra beynəlxalq təşkilatları ikiüzlülükdə ittiham edir, bununla isə ən böyük ikiüzlülüyü elə ermənilər özləri edirlər, çünki həqiqətin nədən ibarət olduğunu, özlərinin yalanlar uydurduqlarını, dünya ictimaiyyətini aldatmaq üçün bütün hiyləgərliklərə əl atdıqlarını özləri hamıdan yaxşı bilirlər. Bunu bilə-bilə də başqalarına qarşı ikiüzlülük barədə ittihamlar səsləndirmələrinə ikiüzlülük demək belə ifadə zəifliyidir, çünki bu simasızlıqlarına görə daha dəhşətli ad fikirləşib tapmaq gərəkir.
Erməni cəmiyyəti hələ də narazı halda, heç bir kömək almadığını, istər Qərb tərəfdən, istərsə də Rusiyadan heç bir dəstək görmədiyini bar-bar bağırır. Soruşmaq lazım gəlir ki, məgər ermənilər bir zamanlar, daha dəqiq desək, 44 günlük müharibədən öncəki dövrdə iddialı şəkildə fikirlər səsləndirəndə, tələblərlə çıxış edəndə kimlərinsə dəstəyinə sığınaraq lovğalanırdılar və indi güvəndiklərini qınamalıdırlar yoxsa özlərini? Hansısa dövlət, hansısa xalq, yaxud cəmiyyət özünə arxayın olmadan belə iddialı çıxış edirsə, bu normaldırmı? Yaxud, kimlərsə Ermənistana, ya da ermənilərə borclu idilərmi, dəstək göstərmələri barədə bir öhdəlikləri vardımı? Xülyalarla özlərini də, daxili auditoriyasını da axmaq yerinə qoyanlar heçmi utanmaq niyyətində deyillər və bunun nə qədər davam edəcəyi barədə də düşünmək istəmirləmi? Düşünmək, yaxud başa düşmək istəmirlərmi ki, belə absurd, həqiqətə uyğun olmayan ittihamlar səsləndirməklə nə problemləri həll olunan deyil, nə də üzərlərinə götürdükləri öhdəlikərdən boyun qaçıra bilməzlər?
Müharibənin sərt qanunları var və tərəflər bu qanunları əvvəlcədən bilməli, göz önünə almalıdırlar. Hər iki tərəf bilməlidir ki, müharibə itgilər deməkdir və haqsız, hər mənada gücsüz, zəif tərəfin də məğlubiyyəti məntiqi nəticə olaraq qəbul olunur. Ermənistan istisna olmaqla, müharibəni uduzan tərəf heç zaman hansısa dövlətləri ittiham edəcəyi ilə vəziyyətdən çıxacağını düşünməyib və məğlubiyyəti fonunda üzərinə götürdüyü öhdəlikləri məğlub tərəf dərhal yerinə yetirməyə başlayıb. Məğlubiyyətinin ardınca öhdəliklərini yerinə yetirməyəcəyinə ümid edərək günahkar axtarmaq kimi bir təcrübəyə hələ tarixdə rast gəlinməyib və bütün məğlub tərəflər razılaşmalara əməl etmək məcburiyyətində olublar. Ermənistan deyilən bir dövlət bütün dünyada nə xüsusi imtiyaz sahibidir, nə də belə bir şans mümkün deyil və imzalanan sənəd hamı kimi onlara da aiddir. Hüquqi sənəd, ələlxüsus müharibənin bitdiyi barədə razılaşmalar, xüsusilə də kapitulyasiya sənədi ermənilər üçün oyuncaq deyil və belə zənn edirləsə bərk yanılırlar.
Müharibə bitdikdən, Ermənistan tərəfi rüsvayçı məğlubiyyətlə üzləşdikdən, kapitulyasiya sənədini imzalayaraq üzərinə öhdəliklər götürdükdən sonra Zəfər çalan Azərbaycanı qınamadığı üçün bütün dünyanı günahkar bilmək hansı məntiqə sığışır? Az qala əsrin üçdə birinə yaxın müddət ərzində işğal altında saxladıqları və bu müddət ərzində xarabalığa çevirdikləri torpaqları iki il keçmədən abadlaşdıran Azərbaycana qarşı necə, hansı üzlə ittiham irəli sürə bilərlər və bunu dünya ölkələrinin qəbul edəcəyinə hansı başla inana bilərlər? Bütün dünya görmədimi ki, torpaqları erməni işğalından azad edən Azərbaycan dərhal quruculuq abadlıq işlərinə başladı, halbuki həmin torpaqlar erməni işğalı altında olan otuz ildə bunu müşahidə edən olmamışdı və bu fakt özü torpaqların əsl sahibinin kim olduğunu açıq-aşkar isbat etmirmi? Özlərini aldatmaqla bu toplum xoşbəxt olurmu, yoxsa, öz yalanına inanmaqla vəziyyətdən çıxmağı, imzalanan sənəddən boyun qaçırılacağını düşünürləmi bunlar?
Həyasızlıq və ikiüzlülük bu işğalçı ölkədə gör hansı pik həddə çatıb ki, erməni politoloqları Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfərini Ermənistan üçün faciə adlandırırlar. Qeyd olunur ki, ermənilərin gözləri önündə faciəli olduğunu hələ dərk etmədiyikləri bir hadisə baş verir və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri Ermənistanda ağlabatan narahatlıq üçün əsasdır. İndi bunlardan soruşmaq yerinə düşür ki, axı niyə belə hesab edirlər? Məgər Avropa Komissiyasının Prezidenti Azərbaycana, yaxud hansısa bir ölkəyə səfər etməzdən öncə Ermənistandan, erməni cəmiyyətindən icazə almalı idi? Yoxsa Avropa Komissiyasının Prezidenti də ermənilərə qoşulub müharibənin acı məğlubiyyətinə görə yas saxlamalıdır? Niyə bu toplum elə hesab edir ki, hamı bunlara borcludur və bu xəstəliklərinin nə vaxtsa çarəsini tapacaqlarına özləri belə inanırlarmı?
“Böyük Ermənistan” kimi cəfəngiyyatdan ibarət miflərlə öz başlarını xarab edənlər indi də daha bir ağ yalanı, haqlı tərəf olduqları barədə uydurmaları həyasızcasına beyinlərə həkk etdirmək niyyətindədirlər və bu da ən böyük həyasızlıqdan biri hesab olunur. Məsələ burasındadır ki, bu həyasızlıqları və ikiüzlülüklərinin bundan sonra da faydası olmayacaq və guya Ermənistanın suveren ərazisinin işğal edildiyi iddiaları heç kim tərəfindən qəbul edilən deyil. Əksinə, artıq ermənilər bu ikiüzlülkləri ilə, həyasızlıqları ilə özlərini ifşa edirlər və bütün dünya onların əsl simalarını daha yaxşı görmüş olur.
Doğrudur, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri ermənilərin kürkünə birə saldığı başadüşüləndir, çünki onlar Azərbaycanın rolunun Avropada, eləcə də bütün dünyada artmasından narahat olmaya bilməzlər. “Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən yeni müqavilə imzalamaq üçün Azərbaycana gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda bizim mühüm tərəfdaşımız olacaq”, deyə Avropa Komissiyasının Prezidentinin öz Twitter səhifəsində yazması isə nəinki ermənilərin, ümumiyyətlə Azərbaycanın qüdrətinin daha da artmasını istəməyən, bunu həzm edə bilməyən qüvvələri hədsiz dərəcədə narahat edib. Ona görə ki, həmin qüvvələr yaxşı başa düşürlər ki, həqiqətən də Azərbaycan artıq layiqli, mühüm tərəfdaş olaraq qəbul edilir və bu da ölkəmizin potensialının, gücünün, qüdrətinin dəfələrlə artması deməkdir.
Hazırda “Şahdəniz” yatağı ixrac olunan resurs bazasıdır. Yaxın gələcəkdə Abşeron, Şəfəq, Asiman, Ümid-Babək yataqlarında və Azəri-Çıraq-Günəşli yataqlarının dərinsulu hissəsində də böyük həcmdə hasilat gözlənilir ki, bu, çox böyük bir dəyişiklik, irəliləyiş deməkdir. Avropaya nəql olunan qazın satışından Azərbaycanın böyük miqdarda, milyardlarla gəlir əldə edəcəyi bəlli məsələdir. Bu isə ölkəmizin büdcə gəlirlərinin artması deməkdir. Bu da öz növbəsində imkanlarımızın, potensialımızın artacağı anlamına gəlir ki, həmin reallıqları dərk edənlərin narahatlıqlarını da başa düşmək çətin deyil. Azərbaycanın əldə etdiyi və bundan sonra əldə edəcəyi imkanları, gəlirləri, mövcud və real potensialını həzm edə bilməyənlər, xüsusən ölkəmizin torpaqlarında gözü olanlar, işğalçılıq siyasəti yürütmək istəyənlər həm də ondan narahatdırlar ki, bu imkanlar Azərbaycana getdikcə daha çox müasir silahlar almağa imkan verəcək. Təbii ki, bu da öz növbəsində ölkəmizin hərbi qüdrətinin daha da artmasından, bundan sonra da artacağından, eləcə də ərazi bütövlüyümüzü, suverenliyimizi qorumaq iqtidarında olduğumuzdan, kimlərinsə buna qarşı gələ bilməyəcəyindən xəbər verir və narahatlıqları da bu səbəbdəndir.
Əslində, Ermənistanın indi ikiüzlülük etmək əvəzinə daha çox narahat olması məntiqli görünür, çünki bunun üçün yetərincə əsas var və sülh danışıqları istiqamətində addımların atılması daha ağlabatandır. Yenə də aranı qarışdırmaq üçün bütün simasızlıqlara, ikiüzlülüyə əl atanlar bu gün də olsa dərk etməlidirlər ki, mövcud reallıqları, Azərbaycanın yaratdığı reallıqları qəbul etməkdən başqa, doğru yolları yoxdur. Getdikcə inkişaf edən, sürətlə öz imkanlarını genişləndirən, potensialını artıran Azərbaycanın qarşısında hansısa qüvvə tab gətirə, dayana bilməyəcəyi ilə ağlı olan toplum barışmalı, bunu qəbul etməli idi və əgər qəbul edə bilmirsə, hələ də hansısa xüslyadadırsa, deməli bu, sadəcə həyasızlığın pik həddidir. Danışıqların, Bəyannamənin şərtlərindən irəli gələn tələbləri yerinə yetirməyi hansısa yolla, simasızlıqla uzatmaq istəyən Ermənistanda isə bu həyasızlığın pik həddi müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB