İnsanlığa qiymət şəhid və qazilərimizə verilən dəyərdən keçir - TƏHLİL

İnsanlığa qiymət şəhid və qazilərimizə verilən dəyərdən keçir - TƏHLİL

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ana xəttini əhalinin sosial rifahı təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Bütün bu və ya digər göstəricilərlə yanaşı, Vətən müharibəsində şəhid olanların ailələri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsinə dəstək tədbirləri reallaşıb.

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı müşavirədə giriş nitqində bildirdiyi kimi, "Öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır".

Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində ardıcıl işlər görülür. Ötən dövr ərzində şəhid ailələri və müharibə əlilləri üçün icra olunan ən geniş və mühüm fəaliyyətlərdən olan mənzillə təminat proqramı 5 dəfə genişləndirilib.

ŞƏHİD AİLƏLƏRİNİN VƏ MÜHARİBƏ ƏLİLLƏRİNİN MƏNZİL TƏMİNATI YEKUNLAŞDIRILACAQ

Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar. Postmüharibə dövründə 100 min unikal fərdə 193 min xidmət göstərilib. Bunun ən böyük istiqaməti sosial ödənişlərdir. Sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub. Bu ödənişlərin məbləğləri - ötən il sosial müavinətlər 60 faiz, bu il isə təqaüdlər 60 faiz artırılıb. Bu ödənişlərin mütləq əksəriyyəti proaktiv qaydada – sənədlərin elektron qaydada toplanması ilə əlaqədar şəffaf şəkildə baş verib. Bu il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib və nəzərdə tutulan plan 1500 mənzildir. Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin bu kateqoriyadan olan insanlarımıza təqdim edilməsi planlaşdırılır. Beləliklə, Bakı, Sumqayıt və Abşeron ərazisində dövlət başçısının tapşırığına uyğun olaraq, əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatı yekunlaşdırılacaqdır. Paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə də bu iş davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Əlbəttə ki, bu kateqoriyadan olan insanların məşğulluğu da önəmli məsələlərdəndir. Postmüharibə dövründə 8 min ailədə kiçik ailə təsərrüfatının qurulması onların daimi gəlir mənbəyinin yaradılması imkanıdır. Burada əsas mənbə İşsizlikdən Sığorta Fondu, yəni, dövlət vəsaitləri olub. Paralel olaraq, Dünya Bankı ilə layihə də icra edilir. İşədüzəldilmə proqramı üzrə 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunub. Özəl sektordan 600-dən çox şirkət 2500-dən çox müharibə əlilini işlə təmin edib. Bu proses davam edir.
On bir min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub ki, onlara 21 min reabilitasiya vasitəsi təqdim edilib. Qeyd etdiyiniz kimi, artıq 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Cənab İlham Əliyev bildirib ki, dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər: "Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır". Qarabağ müharibəsi əlillərindən 130 nəfər də bu protezlərlə təmin edilib. Yəni, son bir il yarımda bu protezlərlə təchiz edilən hərbçilərimizin sayı 330-a çatıb. Vətən müharibəsi əlillərindən protezləşməyən cəmi iki nəfər qalıb.

QARABAĞ MÜHARİBƏSİNİN AĞIR NƏTİCƏLƏRİ İLƏ ÜZLƏŞƏNLƏRƏ HƏSSAS MÜNASİBƏT PRİNSİPİ QORUNUB SAXLANILIR

Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Dövlətimiz həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır.
Əlbəttə ki, dövlət başçısının bu kateqoriyadan olan insanların sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi məmnunluq yaradır. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə