Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayın yekunlarına həsr olunmuş müşavirə dövlət başçısı həm daxili, həm də xarici siyasətlə bağlı çox vacib məqamlara toxunub və bildirib ki, ilin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir: «Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Əminəm ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır».
Xüsusilə, dövlət başçımız hərbçilərin sosial müdafiəsi məsələləri ilə bağlı verdiyi məlumatlar bir daha bu gün bizi ağrıdan cəmiyətdə qaziləri öz ətrafında cəmləmək, onların adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan qüvvələrə bir mesajdır. Çünki bir əsas olmadan özünü qazi kimi təqdim edən, müxtəlif dövlət qurumlarına qarşı qanunsuz tələblərlə çıxış edən, eyni zamanda dövlətin bu istiqamətdə gördüyü işlərə kölgə salan bu şəxslər belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya onlar qazi olsa da, dövlət diqqətindən kənarda qalıblar. Ancaq unutmamamlıyıq ki, irəli sürülən hər bir tələb, hər bir istək qanuna istinad etməli, qanuni olmalıdır. Bu, həmin tələbin reallaşması üçün ən başlıca amildir.
Çünki bu gün Prezident İlham Əliyevin gördüyü işlər bütün dünya üçün nümunədir. Prezident İlham Əliyev bütün görüşlərində, müsahibələrində xüsusilə şəhid ailələrinə və ərazi bütövlüyümüzün təmin olunması uğrunda sağlamlıqlarını itirənlərə, həmçinin aztəminatlı ailələrin problemlərinin daim diqqət mərkəzində olduğunu bildirir. Dövlət başçısı bu ilin 6 ayın yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir: «Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik».
«Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir»,-deyən dövlət başçısı müharibədən sonrakı dövr ərzində böyük işlər görüb və bunu hamı bilməlidir: «Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır».
Prezident İlham Əliyev müşavirədə onu da bildirdi ki, müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq: «Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək.
Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola».
Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Qeyd edək ki, dövlətin apardığı işlərdə dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir, xüsusilə də sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramların icra olunduğunu təsdiqləyir. Bu istiqamətdə icra olunan layihələr nəticəsində həmin kateqoriyadan olan minlərlə insanın sosial vəziyyəti daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə qayğı Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ən çox diqqət yetirdiyi sahələrdəndir. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır.
«Budur siyasət. Bu, bizim şəhid ailələrinə, şəhidlərin ruhuna olan hörmətimizdir»,- deyən dövlətimizin başçısı bildirib ki, bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb: «Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir. Ancaq sonra, bax, dediyim məsələlərə görə və digər məsələlərə görə, burada demədiyim məsələlərə görə biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək».
Bir sözlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət öz növbəsində inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar və görülən işlər bütün dünya üçün nümunədir. Bütün bunlar deməyə əsas verir ki, sosialyönümlü layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək.Və bütün bu uğurlu işlər onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB