Qurtuluşdan Zəfərə! MUSA MUSAYEV YAZIR

Qurtuluşdan Zəfərə! MUSA MUSAYEV YAZIR

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı yarımmüstəmləkə vəziyyətinə düşməkdən xilas etdi!

Xalqın və dövlətçiliyin xilaskarı

Artıq 29-ci ildir ki, Azərbaycan xalqı Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin növbəti Milli Qurtuluş Gününü qeyd edir. Lakin qürurverici amillərdən biri də budur ki, bu möhtəşəm gün xalqımız tərəfindən düşmən üzərində Zəfər qazanmış qalib olaraq qeyd olunmaqdadır. Bu iki mühüm amil həm də milli qürur hissinin bir vəhdətdə birləşməsi reallığını əks etdirməkdədir. Və eyni zamanda, bir-birini tamamlayan qalibiyyət və qurtuluş tarixlərimiz Azərbaycan dövlətinin yenilməzliyinin bariz sübutudur. Belə ki, müstəqil Azərbaycanımız 1993-cü ildən elə bir uğurlu yola çıxıb ki, ancaq inkişaf, tərəqqi, problemlərin həlli, xalqın sabaha ümidlərinin böyüklüyü, Prezidentinə inamı və etimadı arxada qalan illərin əsas xarakteristikası olub. Məhz 1993-ci ildən başlanan həmin yol bizləri Zəfərə doğru apardı və artıq bayrağımız işğaldan azad edilmiş müqəddəs Qarabağ torpaqlarımızda qürurla, əzmlə dalğalanmaqdadır. Bu, Ulu Öndər Heydər Əliyev dahiliyinin sübutu, İlham Əliyev siyasətinin qələbəsidir!

Qeyd edilənləri incələsək həm də belə nəticə hasil edə bilərik ki, bu günümüzü düzgün dəyərləndirmək, Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasının genişliyini dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı "olum, ya ölüm" dilemması qarşısında qoymuşdu. Digər tərəfdən də silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ölkədə yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidlərini itirdi, insanlar vəziyyətdən çıxmağın yollarını axtarmağa başladılar. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan ulu öndər Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir.

Bugünkü uğurlarımızın başlanğıcı

Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycanımızın qarşısında açdığı imkanlardan, üfüqlərdən bəhs etmədən öncə onun ən böyük xidməti olaraq 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Çünki uğurlarımızın başlanğıcı kimi partiyanın yaranması qeyd edilməlidir. 1992-ci il oktyabarın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. "91-lər"in, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalının Ümummilli Liderə ünvanladıqları müraciətdə dövrün reallıqlarının doğurduğu fəsadlar - respublikanın iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi, vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrların tərk etməsi barədə məlumat verilir. Müraciətdə, həmçinin xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdı. "91-lər" ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. 91 nəfər ziyalı xalqımızın böyük əksəriyyətinin istəyini ifadə edərək dahi şəxsiyyətə müraciət etdi və Ümummilli Liderin "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı həmin dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın başlanğıcı oldu. "Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir" söyləyən ulu öndər Heydər Əliyev "Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur" bildirərək bu inamı da ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması obyektiv zərurətdən irəli gələn Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Daha bir mühüm amil budur ki, artıq bizlər bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyini də fəxrlə qeyd edəcəyik. Təsis konfrasını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək Ulu Öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir. Ən əsası bugünümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir.

Bu arada, ötən il martın 5-də ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində yaratdığı yeni reallıqlar fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının keçdiyi illər ərzində qazandığı uğurlardan geniş bəhs edən Prezident İlham Əliyev cənabları bir daha bu məqamı xüsusi qeyd etdi ki, partiyanın adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ətrafında yaradılmış, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə nümayiş etdirdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı”, vurğulayan möhtərəm Prezidentimiz İlham Əliyev bu vəzifəni qarşıya qoydu ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir.

Heydər Əliyev: yeni Azərbaycanın qurucusu, müstəqilliyimizin əbədiliyini təmin edən Ulu Öndər!

Əlbəttə, müstəqillik tariximizin ilk illərini düzgün təhlil edərək bugünkü uğurlarımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu böyük inamla qeyd edirik. Möhtərəm Prezidentimiz İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməli, o günlər haqqında tam təsəvvürə malik olmayan gənc nəsil nəyin bahasına müstəqilliyimizi qoruyub saxlaya bildiyimizi bilməlidir.

Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Bugünkü uğurlarımız üçün kimə borclu olduğumuzu gənc nəsil bilməlidir. Bu, inkaredilməz həqiqətdir ki, əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi.

Ümummilli Lider Azərbaycanda demokratik cəmiyyətin yaradılması istiqamətində mühüm addımlar atdı. 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamız dövlətçiliyimizin əsaslarının yaradılmasında əsas rol oynadı. Demokratik cəmiyyətin varlığının əsas atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımların uğurlarını bugünkü reallıqlarımızda aydın görürük. Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir. Dahi şəxsiyyətin Azərbaycan dövləti qarşısında xidmətlərindən bəhs edərkən onun müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunun möhkəmlənməsi istiqamətində gördüyü işləri, böyük səyləri nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmasını xüsusi qeyd etməliyik. Ümummilli Lider Dağlıq Qarabağ həqiqətlərini faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarının ayaq tutub yeriməsinin qarşısını aldı. Bir daha dünyaya sübut edildi ki, Azərbaycan müstəqil dövlətdir, beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edəcək və bu, onun suveren hüququdur. Məhz Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapmışdır. Ulu Öndər Heydər Əliyev, eyni zamanda, “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisini önə çəkərək ordu quruculuğu sahəsində önəmli addımlar atdı.

Bu ümumiləşdirməni apara bilərik ki, Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı ki, son 18 ildə bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir.

Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs verdi

2003-cü ildən başlanan Böyük yolun davamının Azərbaycana qazandırdığı ən böyük uğur 30 ilin işğalına, torpaq həsrətinə son qoyulması, ərazi bütövlüyümüzün bərpasıdır. Bu Zəfəri şərtləndirən amillər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, ən əsası gənc nəsildə Vətən, torpaq sevgisinin dərinləşməsi, vətənpərvərlik hissinin daha da artmasıdır. 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirən cənab İlham Əliyevin son 18 ildə fəaliyyətinə diqqət yetirsək hər vədini konkrekt əməli işdə təsdiqlədiyini görmək mümkündür. Ölkədə sabitliyin, iqtitsadi tərəqqinin mövcudluğunu bütün inkişafın əsası kimi dəyərləndirən ölkə Prezidenti neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə qeyri-neft sektorunu inkişaf etdirdi. Cənab İlham Əliyev bütün çıxışlarında bəyan etdi ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, bu tərəqqinin əsasında bilik, savad, yeni texnologiyalar dayanır. Məhz bu kontekstdən yanaşaraq dövlətimizin başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Son 17 ilin uğurlarına diqqət yetirsək bu tezisin artıq real həyatda öz təsdiqini tapdığını görərik. Bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülüb. Rayonlar arasında sağlam rəqabət gedir. Regional inkişaf proqramlarının uğurlu icrası hər bir bölgənin, kənd və qəsəbənin həyatında özünü qabarıq şəkildə göstərir.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır

Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişaf, tərəqqi qaçılmazdır. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticələri də göz önündədir. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə bu fikri bildirir ki, hətta hava da sevinir, çünki bu torpaqlara əsl sahibləri gəlib. Azərbaycan Ordusu erməni silahlı qüvvələrini iti qovan kimi torpaqlarımızdan qovdu. Ordumuzun gücü, qüdrəti qarşısında diz çökən Ermənistanın illərdir yaratdığı “məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. Bu gün dünya Azərbaycan Orldusunun qəhrəmanlığından, döyüş taktikasından bəhs edir. “Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir” söyləyən ölkə Prezidenti bildirir ki, indi beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb: “Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər".

Son olaraq isə belə deyə bilərik - Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər nəhəngdir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür. Onların hər birinin ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın Liderinə sevgisi sonsuzdur.

Musa Musayev

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzv

Bütün xəbərlər Facebook səhifəmizdə