Fərrux kəndinin delimitasiya ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur - PARTİYA SƏDRİ AÇIQLADI

Fərrux kəndinin delimitasiya ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur - PARTİYA SƏDRİ AÇIQLADI

"Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri ilk növbədə KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakla əlaqədar olduğundan onun Bakıya gəlməməsi normal sayılmalıdır. Üstəlik, səfər göstərdi ki, Ukrayna müharibəsinə başlayaraq özünü bataqlığa salan Rusiyanın Azərbaycan rəhbərliyinə təklif edəcəyi bir şey yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, rusiyalı nazirin İrəvanda erməni jurnalistə Fərrux kəndi barədə verdiyi cavab təkcə bizi yox, həm də Kremli təəccübləndirdi: "Vəziyyətdən çıxmaq üçün təcili düzəliş vermək məcburiyyətində qaldılar. 50 illik diplomatik staja malik olan və 18 il nazir vəzifəsini tutan bir şəxsin belə yanlış bəyanat verməsi yəqin ki, ya Ermənistandakı “yalan atmosfer”in təsiri ilə bağlıdır, ya da erməni jurnalistə nə deyəcəyini bilməməsi ilə. Bundan bir neçə ay əvvəl, “tələsik cavab vermək” istəmədiyini bildirib həmin sualdan yayınmışdı. İndi nə deməliydi? "Rusiya sülhməramlıları Azərbaycanla və onun ordusu ilə hesablaşmaq məcburiyyətindədir", deyib, acizliklərini, yaxud, Türkiyə-Azərbaycan ittifaqına verdikləri dəyəri etirafmı etməliydi? Görünür, o, həm rus sülhməramlılarının hər şeyə qadir “fövqəlgüc” olduğuna inanan ermənilər qarşısında bu etirafı edə bilmədi, həm də əsaslı bir izah tapa bilməyib vəziyyətdən bu yolla çıxmaq qərarına gəldi və belə bir skandal bəyanata imza atdı. Yəqin bu bəyanat onun Şri-Lankada başlayan diplomatik karyerasının ən skandal bəyanatı kimi həm ermənilərin, həm də bizim yaddaşımızda qalacaq. Ermənilər “sənə güvəndiyim dağlar” nöqteyi-nəzərindən rus “hami”lərinin acizliyi kimi kədərlə, biz isə ordumuzun gücünün etirafı kimi qürurla xatırlayacağıq".

Abutalıb Səmədov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Fərrux kəndi ətrafındakı vəziyyətin təbii ki, delimitasiya ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur və ola da bilməz: "Azərbaycan XİN-i operativ qaydada bu məsələni onun nəzərinə çatdırdı və zəruri “izahat işi” aparmaq məcburiyyətində qaldı. Lavrovun bu səfəri Ermənistanla Rusiya arasında daha bir ciddi problemi ortaya qoydu. Rusiyalı nazir təşəbbüsü heç kimə verməyəcəklərini, meydanı Avropa İttifaqına və hər hansı digər quruma buraxmayacaqlarını nəzərdə tutaraq sülh sazişinin imzalanmasında vasitəçilik etmək istəklərini bir daha təkrarladı. Onun erməni həmkarı isə sülh danışıqlarında yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul etdiklərini bəyan etdi. Bu mövqenin Rusiyanı hiddətləndirməməsi mümkün deyil. Çünki ermənilər bir tərəfdən Rusiyaya - “əzəli və əbədi” müttəfiqlərinə etimadsızlıq göstərir və onun vasitəçiliyini qəbul etmədiklərini söyləyirlər. Digər tərəfdən, Rusiyanın və Azərbaycanın artıq “dəfn etdikləri” Minsk qrupunu dirildəcəklərinə ümid edirlər.

Bu səfər bir daha göstərdi ki, sülh danışıqlarının bu qaydada davam etdirilməsi heç bir real nəticəyə gətirib çıxarmayacaq. Rusiya təşəbbüsü əldən vüemək istəmirsə proseslərə daha aktiv şəkildə qoşulmalı və Türkiyənin yardımına müraciət etməlidir. Ukrayna müharibəsinin bitməsini gözləmək bəlkə də Rusiyanın maraqlarına uyğundur, ancaq nə Azərbaycan, nə də Avropa İttifaqı dayanıb gözləmək fikrində deyil. Rusiya mövcud reallıqları düzgün qiymətləndirməli və yaranmış vəziyyəti anlamağa çalışmalıdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə