Cənubi Qafqazda enerji təhlükəsizliyi aspektindən Cənub Qaz Dəhlizinin əhəmiyyəti ŞƏRH

Cənubi Qafqazda enerji təhlükəsizliyi aspektindən Cənub Qaz Dəhlizinin əhəmiyyəti ŞƏRH

Bu gün memarı Ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.

Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə-diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Bütün bunlar Ulu öndər Heydər Əliyevin layiqli varisi olan cənab Prezident İlham Əliyevin yürütdüyü fəal və əzmkar xarici siyasətinin nəticəsidir.

Məhz cari ilin iyun ayını 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev tərəfindən ifadə olunan fikirlər də bunu deməyə əsas verir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda artıq reallaşmış Cənub Qaz Dəhlizi layihəsi böyük önəm kəsb edir. Qeyd edək ki, uzunluğu 3500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsi özündə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi; Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi; Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi; Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi kimi elementləri birləşdirir.

Cənab Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxışı zamanı Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayaraq bildirib: “Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır.”

Göründüyü kimi, Azərbaycan Respublikasının transmilli layihələrdə iştirakı və bu layihələrin şah damarı olan Cənub Qaz Dəhlizinin reallaşması heç şübhəsiz cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfər və bundan doğan regionda yaratdığmız reallıqlarla sıx bağlıdır.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə