Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır ŞƏRH

Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır ŞƏRH

Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etmişdi. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbii idi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi.

Ölkəmiz bir çox dövlətlərlə qarşılıqlı əməkdaşlıq müstəvisində əlaqələr qurur, həmçinin balanslaşdırılmış və müstəqil xarici siyasət kursuna sadiqdir. Buna görə də Azərbaycanla tərəfdaşlıq etmək hər zaman cəlbedicidir. Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir. Azərbaycanı etibarlı tərəfdaş kimi cəlbedici edən amillərdən biri də ölkəmizin tutduğu yola sadiqliyi, davamlılığı və ortaya çıxan çətinliklərə baxmayaraq qarşıya qoyulan məqsədə çatmaq əzmidir. Bu, enerji sahəsində Azərbaycanla əməkdaşlıq edən tərəfdaşların gələcəyə hesablanmış təminatıdır.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda enerji təhlükəsizliyi sisteminin arxitekturası 1970-ci illərin əvvəllərində Azərbaycan Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmışdır.1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin ilk işlərindən biri vaxtilə bünövrəsini qoyduğu enerji təhlükəsizliyi sistemini düşdüyü ağır vəziyyətdən xilas etmək oldu. Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ildə Ümummilli liderin qətiyyəti, güclü daxili və xarici siyasəti nəticəsində "Əsrin müqaviləsi" imzalandı. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur.

Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, biz özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan da öz öhdəliklərinə hörmət etməyi gözləyirik.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə