“TEKNOFEST” Azərbaycan və Türkiyə liderlərinin növbəti dəfə həmrəyliklərinin dünyaya nümayişidir ŞƏRH
Türkiyə-Azərbaycan - Sınaqlardan çıxmış qardaşlıq birliyi, ulu öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi.
Şad gündə də, dar gündə də həmrəy olan qardaşlar
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".
Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Və bu gün bu dünyada analoqu olmayan qardaşlığın, həmrəyliyini nəticəsidir ki, 28 May Müstəqillik Günündə Azərbaycan xalqının sevincinə qoşulması, bu tarixi gündə Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməsi Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı demişdir ki, xalqımız bunu heç vaxt unutmayacaq və Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək: «Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq və Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək”.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Can Azərbaycanın Müstəqillik Günündə Azərbaycan xalqı ilə bir yerdə olmaqdan böyük məmnunluq duyduğunu, sevincinə, kədərinə həmişə şərik olduğunu deməsi «bir millət, iki dövlət» olmasının realllığıdır.
“Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq”,- deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da bildirib ki, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq: «Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”
Bir sözlə, bu gün ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı iki qardaş ölkə arasındakı dostluq və müttəfiqlik münasibətlərinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirir. «TEKNOFEST Azərbaycan» bir daha sübut etdi ki, bir millət – iki dövlət olan Türkiyə və Azərbaycanın qardaşlığı, dostluğu, müttəfiqliyi ən yüksək səviyyədədir və eyni zamanda bütün dünya üçün nümunədir və həqiqətən də qürurverici haldır ki, biz bu qədər yaxın və doğmayıq. Dövlət başçımızın dediyi kimi: «Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək!».
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB