Müasir Azərbaycanın müstəqilliyinin qorunmasında Ulu Öndərə borcluyuq – Aydın HÜSEYNOV

Müasir Azərbaycanın müstəqilliyinin qorunmasında Ulu Öndərə borcluyuq – Aydın HÜSEYNOV

“Ötən əsrin əvvəllərində Avropada baş verən müharibələrdən sonra Rus imperiyası öz mövcudluğu ilə vidalaşmalı oldu. 300 illik Romanovlar ailəsinin diktaturası sona çatdı və imperiyanın hüdudlarında münasibətlər sistemində köklü dəyişiklik baş verdi. Cənubi Qafqazda baş verən ictimai-siyasi hadisələrdən, münaqişələrdən sonra, yəni 104 il bundan əvvəl Azərbaycan xalqı müstəqilliyinə qovuşdu. Şərqdə ilk demokratik Cümhuriyyət quruldu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti çar Rusiyasının yerində qurulmuş bolşevik hakimiyyəti, proletariat diktaturası adlanan Sovetlər tərəfindən işğal edildi, müstəqilliyimiz yenidən itirildi”. Bunu Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı ilə əlaqədar Milli Məclisin deputatı Aydın Hüseynov verdiyi açıqlamada deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tariximizin şanlı səhifələrindən biridir: “Hər bir azərbaycanlı, dünyanın harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız bu tarixlə qürur duyur, Cümhuriyyətin qurucularının xatirəsini daim hörmətlə anır. Məsələnin digət tərəfi də var, buna Ulu Öndərimizin müdrikcəsinə belə münasibət bildirib: “Müstəqilliyi qoruyub saxlamaq, qurmaqdan qat-qat çətindir”. Ümummili Liderimiz bu fikrin, deyimin sübutunu ötən əsrin sonlarında əyani olaraq etdi. Azərbaycan xalqı ikinci dəfə müstəqillik əldə etdikdən sonra baş verən hadisələr Heydər Əliyevin nə qədər uzaqgörən olduğunu təsdiq etdi. Biz müstəqilliyimizi elan etsək də onun itirilməsi qorxusu daha çox idi. Ulu Öndərimiz ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi indiki Azərbaycandan əsər-əlamət qalmazdı. Bu, təkcə xarici təsirlərlə, müdaxilələrlə yox, həm də idarəçiliklə bağlı olan məsələ idi. Hakimiyyətdə dövlətçilik nəzəriyyəsinə və praktikasına malik bir şəxsiyyətin, dərin siyasətçinin olması, ölkəni təlatümlərdən, burulğan və qasırğalardan çıxarmağı bacaran bir dövlət adamının hakimiyyət sükanının arxasında olması çox önəmlidir. Biz bunu müasir tariximizdə, ötən əstin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdikdən sonra baş verənlər fonunda gördük”.

A.Hüseynov 1918-ci ildə əldə edilən müstəqilliklə müasir dövrdə əldə edilənləri, baş verən ictimai-siyasi hadisələri müqayisə edərək bildirib ki, əslində azadlıq əldə etmək hər dövr üçün çətindir: “Yalnız aktorlar fərqli ola bilər. Amma o dövrdə də, müasir dövrümüzdə də Azərbaycanın hürriyətinə mane olan ünvanlar demək olar ki, eynidir. Məsələ burasındadır ki, ötən əsrin əvvəllərində, dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti qədim şəhərimiz, əsrlərlə azərbaycanlı xanədanların idarəçiliyində olan, özünün coğrafi imkanları ilə mühüm strateji bölgədə yerləşən, bütöv Türk dünyasını bir-birinə bağlayan qədim İrəvanı və bütövlükdə İrəvan xanlığının əksər ərazilərini yeni yaradılmış və Cənubi Qafqazda heç vaxt mövcud olmayan qondarma Ermənistana təhvil verdi. Bu faktı heç vaxt unutmaq olmaz. Müstəqilliyimizin kövrəkliyi, idarəçilikdə zəiflik, səriştəsizlik xalqımızın böyük faciələrlə üzləşməsinə səbəb olmuşdur. Bunun ardınca həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qalmışdır. Cənab Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində sakinlərlə görüşü zamanı çıxışında da bu məsələyə toxunmuşdur: “Müasir Azərbaycan müstəqilliyə qovuşandan sonra da vəziyyət təxminən eyni idi. Çünki iki il ərzində - 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan Azərbaycana qarşı növbəti təcavüz etmişdir və müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Ondan üç ay keçəndən sonra Şuşa işğal olundu, Laçın işğal olundu və 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Beləliklə, Ermənistanla Qarabağ arasında canlı bağlantı yaradıldı. Biz 1993-cü ildə də eyni vəziyyətlə üzləşə bilərdik. Yəni, müstəqilliyimiz faktiki olaraq böyük təhlükə altında idi, sözdə var idi, amma de-fakto yox idi. Çünki Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müstəqillik, əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara bilirsən, yoxsa yox. Əks təqdirdə bu, sadəcə olaraq, şərti xarakter daşıyır. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Bəli, biz məhz xalqımızın xilaskarı, dahi siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevin fədəkarlığı, uzaqgörənliyi sayəsində oxşar taleni yaşamadır. Xalqımız Heydər Əliyevi unutmadığı kimi, bu gün onun siyasi varisi, Prezident İlham Əliyevin, Qalib Sərkərdənin fəaliyyətini təqdir edir, ərazi bütövlüyümüzü, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın suveren hüquqlarını bərpa etdiyini yüksək qiymətləndirir”.

Bütün xəbərlər Facebook səhifəmizdə