Səfərlər beynəlxalq aləmin də diqqətini daim Qarabağa çəkir - DEPUTAT DANIŞDI

“Cənab Prezidentin işğaldan azad edilmiş bölgələrimizə səfərlərinin iqtisadi, sosial və siyasi əhəmiyyəti çox böyükdür. Cənab Prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının qısa müddətdə bərpası və sosial infrastrukturunun formalaşmasına böyük önəm verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.
Onun sözlərinə görə, bu məsələ son dövr ölkə həyatının ən prioritet məsələlərindən biridir: “Digər tərəfdən bu ərazilərdə qısa müddət ərzində abadlıq-quruculuq, yenidənqurma işlərinin görülməsi, məcburi köçkün bacı-qardaşlarımızın tezliklə öz yurd-yuvalarına qayıtması üçün çox böyük əhəmiyyət daşıyır. Bu mənada həm də cənab Prezident yeni bir Qarabağda yeni bir Şərqi-Zəngəzur qurmaq məsələsini qarşıya qoymuşdur. Bu ərazilər müasir bir bölgə olacaq və dünyanın diqqətini cəzb edəcək. İnteqrasiya, məşğulluq məsələləri, rəqəmsal texnologiyanın inkişafı ilə bağlı məsələlər, ağıllı kənd və şəhərlərin salınması yüksək səviyyədə təmin olunması çox vacib məsələlərdən biridir.

Cənab Prezident dünənki səfərində Zəngilan rayonunda zəfər muzeylərinin təməlinin qoyulması, Zəngilanın baş planı ilə tanış olub onu təsdiq etməsi, beynəlxalq hava limanının gedişinə baxması və öz tövsiyələrini verməsi, Cəbrayılda enerji qovşağının açılışında iştirak etməsi də işğaldan azad edilmiş torpaqların sürətlə inkişafından xəbər verir. Eyni zamanda cənab Prezidentin bölgəyə tez-tez səfərləri bölgədə gedən işlərin keyfiyyətini yüksəldir və stimul verir. Eyni zamanda bu cür səfərlər beynəlxalq aləmin də diqqətini daim Qarabağa çəkir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə