Bu kimi hərbi təlimlər hərbi sahədə əməkdaşlığın dərinləşməsinə xidmət edir - HƏRBİ EKSPERT AÇIQLADI

"İstənilən silahlı qüvvələrin və ya hərbi birləşmələrin qarşısında duran məsələ döyüş hazırlığının gücləndirilməsi və bu istiqamətdə bilik və bacarıqlarının möhkəmləndirilməsidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bu proses isə nəzəri biliklərin artırılması üçün auditoriyadan keçsə də, praktiki bacarıqların artırılması təlimdən keçir: "Yəni hərbi qulluqçular təlimdə topladıqları bilik və bacarıqları döyüş meydanında istifadə edirlər. Bu, bütün ordulara aiddir. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birlikdə hərbi təlimlər keçməsi hər iki tərəfin qarşılıqlı bilik və bacarıqlarının öyrənilməsi baxımından olduqca önəmlidir. Həm Türkiyə, həm də Azərbaycan ordusu döyüşən, müharibə görən ordudur. Bu baxımdan adı çəkilən ölkələrin hərbi qulluqçularının təcrübələri kifayət qədərdir. Bu kimi hərbi təlimlər hər iki ölkə arasında hərbi qurumların, ordunun təcrübəsini artırmaqla yanaşı, həmçinin hərbi sahədə əməkdaşlığın dərinləşməsinə xidmət edir. Həm Türkiyə, həm də Azərbaycan üçün Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti xüsusidir. O, müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, həmçinin Azərbaycan Ordusunun formalaşdırılmasında əsas rolu var. Bu baxımdan “Heydər Əliyev-2022 Faktiki Atış Birgə Quru Təlimlərinin əhəmiyyəti böyükdür”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə