Azərbaycan Qərbə deyil, oradakı qərəzli dairələrə qarşı öz sözünü deyir! ANALİTİK+AKTUAL

Biz bu reallığı AB-ın dövlət başçısı Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubundakı fikirlərindən də nəticə olaraq çıxara bilərik

Azərbaycanın artan nüfuzu və beynəlxalq aləmdəki söz sahibliyi, xüsusilə müstəqil siyasət aparması söz yox ki, ölkəmizə qarşı barmaqarası baxan, qərəzli mövqe sərgiləyən müxtəlif bəlli Qərb siyasi institutlarını, əsasən də erməni lobbisinin siyasi korrupsiyasına bulamış təşkilat və dairələri ciddi şəkildə narahat edir. Əbəs deyil ki, məhz həmin çevrələrə daxil olan Qərb qurumları əllərinə düşən hər imkanlarında – məsələn, məişət olaylarından tutmuş kiçik sosial məsələlərə qədər girəvəliklər edir, həmin məsələləri qəsdən şişirdərək-siyasiləşdirməklə bütövlükdə dövlətin siyasi xəttinə, nüfuzuna qarşı istifadə etməyə cəhdlər göstərirlər. Əlbəttə, belə cəhdlər əvvəllər də olduğu kimi, indi də baş verir, amma nəticəsi birmənalı olaraq “0”la ölçülür. Fakt budur ki, Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi, xalqın öz ölkə rəhbərinə, Liderinə olan sonsuz etimadı bənzər cəhdləri yerlə-yeksan edir.

“Beşinci kolon” Qərbə nəyi sırımağa cəhd edir?

Yeri gəlmişkən, daha bir fakt budur ki, erməni lobbisinin və anti-Azərbaycan dairələrin cavablarını yerindəcə və qətiyyətlə verən dövlətimizin bu kimi addımları məhz həmin dairələrlə sıx təmaslarda ona “beşinci kolon” təmsilçiləri tərəfindən bütövlüdə Qərbə qarşı yönəlmiş addımlar kimi sırınır. Amma bunun belə olmadığını az-çox siaysətdən anlayan istənilən şəxs yaxşı bilir. Yəni Azərbaycan Qərb ölkələrinə qarşı deyil, əksinə, Azərbaycanın əksər Qərb ölkələri ilə geniş və artan templə davam edən münasibətləri mövcuddur.

Biz bunu ABŞ-ın dövlət başçısı Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibəti ilə ünvanlandığı təbik məktubundakı fikirlərindən də nəticə olaraq çıxara bilərik. Misal üçün, istər beynəlxalq təhlükəsizlik, istərsə də Avropa və dünya bazarlarındakı təhlükəsizlik faktorunda əsas təminatçı rolunda çıxış edən Azərbaycan, eyni zamanda, sabitləşdirmə siyasəti baxımından da öz önəmli məqamını tutmaqdadır. Məhz bu gerçəkliklərdən çıxış edən Cozef Bayden 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verilən üstün dəyərlərdən bəhs edib.

Bu reallıqların məhz dünyanın aparıcı dövləti hesab edilən ABŞ-ın ölkə başçısı tərəfindən etiraf edilməsi Azərbaycanın Qərb dünyasındakı yerini və rolunu bir daha göstərir

Azərbaycan müxtəlif dövrlərdə beynəlxalaq terrorizmə qarşı çıxışlarda dünya ölkələri sırasında öncül yerlərdən birini tutmaqdadır. Belə ki, bəşəriyyətə təhlükə saçan terrorizmlə qlobal mübarizədə Azərbaycanın verdiyi töhfələri kifayət qədərdir və sözügedən məktubda həmin məqama da toxunularaq vurğulanıb ki, ABŞ ölkəmizin bu mübarizəsini təqdir edir, dəstəkləyir. Həmçinin, ABŞ-ın Azərbaycanın terrorizmlə mübarizəyə verdiyi yüksək dəyəri həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, ölkəmizin regional sabitliyin, sülhün əldə olunması istiqamətindəki fəaliyyəti alqışlanır.

Təbii ki, bu reallıqların məhz dünyanın aparıcı dövləti hesab edilən ABŞ-ın ölkə başçısı tərəfindən etiraf edilməsi Azərbaycanın Qərb dünyasındakı yerini və rolunu bir daha göstərir və əlbəttə ki, Azərbaycan da Qərb dünyası ilə münasibətlərini sıx əməkdaşlıq çərçivəsində qurur, bu siyasətini uğurla davam etdirir.

Nəticədə isə belə bir fakt ortaya çıxır – ölkəmizə qarşı hər hansı qərəzli hücum dalğaları baş qaldırırsa, yersiz, əsassız qətnamələr çıxarılırsa ilk növbədə həmin tərəflərə qətiyyətli cavablar verilir. Bu isə sübut edir ki, Azərbaycan heç də Qərbə qarşı deyil, əksinə - Qərb ölkələrində Azərbaycana qarşı fəaliyyət göstərən və radikal mövqelərdən çıxış edən erməni lobbisi və onun təsir altına düşən siyasətçilərə qarşıdır və bu siyasət hər zaman öz sözünü deyib və deməkdədir.

Rövşən RƏSULOV

P.S. Biz onu da unutmamalıyıq ki, hazırda yalnız ABŞ-da deyil, eləcə də Qərb ölkələrində elə siyasi cinahlar da var ki, onlar bütövlükdə Azərbaycanın apardığı uğurlu siyasət tandemini dəstəkləyir, prosesləri regionda və dünyada sülhün çağırışçısı kimi qiymətləndirir, qərəzli təşkilatlara, siyasi mərkəzlərə və dairələrə qarşı fikirlərini ifadə edirlər. Təbii ki, bu reallığın özü də belə nəticəyə gəlməyə zəmin yaradır ki, ədalətli yanaşma hər zaman qərəzdən, şər və böhtandan üstün dayanır, gec-tez ədalət öz sözünü qalib kimi deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə