Azərbaycanla Litva arasında əməkdaşlıq yüksək səviyyədədir

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Sovetlər İttifaqı dağıldıqdan sonra postsovet ölkələri bir biri ilə ikitərəfli iqtisadi, siyasi əlaqələr qurmağa qərar verdilər. Azərbaycan dövləti də müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri Litva Respublikası olmuşdur. 1991-ci il dekabrın 20-də Litva Azərbaycanın müstəqilliyini tanımışdır. 2007-ci il aprelin 3-də Litva Respublikasının Azərbaycanda, sentyabrın 6-sı isə Azərbaycanın Litvada səfirliyi açılmışdır. Litva Azərbaycan-Ermənistan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşdur. Bu gün Azərbaycanla Litva arasında ikitərəfli, həmçinin BMT, ATƏT, AŞ və digər nüfuzlu təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq mövcuddur. İki ölkə arasında bu günə kimi 45-dən çox sənəd imzalanıb. 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq isə Azərbaycanla Litva arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu əks etdirir. Prezident cənab İlham Əliyev 18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda iki ölkə arasında güclü siyasi və iqtisadi əlaqələrin mövcudluğunu və bunun gələcəkdə daha da inkişaf etdirilməsinin vacib olduğunu vurğulamışdır. Yaradılmış birgə hökumətlərarası komissiya hər iki dövlətin işgüzar dairələrinin Litva və Azərbaycanda iş qurmaları üçün böyük imkanlar yaradacaq. Dövlətlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyaları, təhsil sahələrinin inkişaf etdirilməsi məsələləri haqqında bir çox sənəd imzalanmışdır. Azərbaycanla Litva arasında müzakirə olunan məsələlərdən biri də nəqliyyat sektorunda əməkdaşlıq oldu. Bu gün Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə çevrilib. Ölkəmiz artıq Şərq-gərb, Şimal-cənub magistral şəbəkəsi yaratmışdır. Forumda çıxış edən Prezident cənab İlham Əliyev enerji təhlükəsizliyi məsələsinə də toxunub. Bu gün Azərbaycan özünü yüz faiz elektrik enerjisi ilə təmin edir və bir sıra ölkələrin, o cümlədən, Avropa İttifaqına üzv dövlətlərin də enerji təhlükəsizliyində mühüm rol oynayır. Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanaz Nausedanın ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüşlər hər iki dövlət arasında mövcud əməkdaşlığı daha da genişlənəndirəcək. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə