Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir

Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim əsas prioritetdir.

“Təbii ki, ənənəvi olaraq enerji sektoru bizim iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Xüsusilə biz indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemini yekunlaşdırmışıq. Əlbəttə ki, bizim iqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas hədəfdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə