Bu cür media mühitinin Azərbaycanda olması arzuolunan deyil - BAŞ REDAKTOR AÇIQLADI

Bu cür media mühitinin Azərbaycanda olması arzuolunan deyil - BAŞ REDAKTOR AÇIQLADI

"“Sərhədsiz reportyorlar”ın Azərbaycanda media məsələləri ilə bağlı növbəti dəfə yanlış və mübahisə doğuran yanaşmasının şahidi oluruq. Əlbəttə ki, “Sərhədsiz reportyorlar”ın Azərbaycanı qırmızı siyahıya salması onlar üçün müəyyən fəaliyyət göstəricisi olsa da, amma Azərbaycan üçün hər hansı bir təsirli fakt gücünə malik deyil". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün narahatlıq doğuran məqam odur ki, müəyyən beynəlxalq təşkilatların, o cümlədən də “Sərhədsiz reportyorlar”ın Azərbaycanda media məsələləri ilə bağlı münasibəti dəyişməyən meyarlara söykənir: "Azərbaycanda reallıqların dəyişdiyi kimi ona münasibətdə də dəyişikliyin olması normaldır. Halbuki bu dəyişikliyin şahidi olmuruq. “Sərhədsiz reportyorlar”ın belə yanaşmaları bizdən daha çox həmin təşkilatın rəhbərliyini daha çox narahat etməlidir. Azərbaycan cəmiyyəti də görür ki, bu cür beynəlxalq təşkilatlar hardasa qərəzli davranır, sifariş yerinə yetirirlər. Onların əsas məqsədi Azərbaycandakı mühiti obyektiv şəkildə çatdırmaq yox, əksinə onu təhrif etməkdir. Görünür ki, bu tip beynəlxalq təşkilatlar Azərbaycanda elə bir media mühiti istəyirlər ki, həmin media mühitinə məxsus olacaq azadlıq göstəriciləri dağıdıcı rol oynasın.

Əgər, “Sərhədsiz reportyorlar” azad media dedikdə hər hansı bir ölkədə, o cümlədən Azərbaycanda media sektoruna xaricdən hər hansı bir müdaxilənin baş verməsini mümkün hesab edən vəziyyəti nəzərdə tuturlarsa, əlbəttə ki, burada media azadlığı mümkün sayıla bilməz. Media azadlığının özünəməxsus meyarları var. Bu meyarlar ilk növbədə ölkənin dövlət mənafeələri və milli dəyərləri ilə səsləşməlidir. Ona görə də “Sərhədsiz reportyorlar”ın və digər beynəlxalq təşkilatların nəzərdə tutduqları ölkələrdə media azadlığı prinsipləri ilə Azərbaycandakı media azadlığı prinsipləri arasında fərq olmalıdır. Bu gün bir sıra reallıqlar meydana çıxıb. "Sərhədsiz reportyorlar” və digər beynəlxalq təşkilatlar media azadlığı dedikdə ölkədə yaranan xaos vəziyyəti nəzərdə tuturlar. Bu cür media mühitinin Azərbaycanda olması arzuolunan deyil".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə