Paşinyan bacardığı qədər prosesi uzatmağa çalışır - MÜNASİBƏT BİLDİRİLDİ

Paşinyan bacardığı qədər prosesi uzatmağa çalışır - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanda Paşinyana qarşı həm daxildən, həm də xaricdən ciddi təzyiqlər var. Çünki Azərbaycan Ermənistan qarşısında çox ciddi şərtlər qoyub". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, Paşinyan isə belə görünür ki, bu istiqamətdə addım atmağa qətiyyətli görünmür, ona görə ziddiyyətli bəyanatlar verir, Qarabağdakı ermənilərin hüquqlarını ortaya atmaqla prosesi uzatmağa çalışır, çünki Qarabağdakı erməni məsələsindən Paşinyan hakimiyyətinə qarşı bu gün bəlli qüvvələr tərəfindən ciddi şəkildə həm xaricdən, həm də daxildən təzyiq vasitəsi kimi istifadə olunur: "Lakin Azərbaycanın Ermənistana irəli sürdüyü şərtlər arasında Qarabağdakı ermənilər məsələsi geniş yer almır, Azərbaycan üçün bu məsələ artıq öz həllini tapıb, Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərə vətəndaşlıq hüquqları verir və təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür. Bu gün gündəlikdə sərhədlərin müəyyənləşməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması, sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizi məsələsi dayanır. Göründüyü kimi Azərbaycan Ermənistanla bu münaqişə məsələsinə birdəfəlik son qoyub Qafqazda sülhün tam bərqərar olmasına çalışır. Ermənistan isə belə görsənir ki, Qarabağdakı ermənilərin hüquqları mövzusu ilə manipulyasiya edərək prosesi çalışdığı qədər uzatmağa çalışacaq. Çünki Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq onlar bu məsələnin tam həllində maraqlı deyillər, çünki bu məsələnin uzanmağı Ermənistan üçün həm də xaricdəki erməni diasporasından, Avropa İttifaqından maliyyə almağa və Rusiyanın dəstəyini təmin etmək üçün bir siyasi vasitədir. Bu baxımdan düşünürəm ki, Paşinyan bacardığı qədər bu prosesi uzatmağa çalışır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə