Türkiyənin PKK-ya qarşı əməliyyatı: terrora son, regional iqtisadiyyata dəstək GEOSİYASƏT+AKTUAL

Türkiyənin PKK-ya qarşı əməliyyatı: terrora son, regional iqtisadiyyata dəstək GEOSİYASƏT+AKTUAL

Türkiyənin kəşfiyyat və zərbə dronları, qırıcı təyyarələri və çoxsaylı artilleriya qurğuları ekspertlərin “PKK-nın qəlbi” adlandırdıqları rayonu hədəfə alıblar

Ankara Türkiyə-İraq sərhədlərini PKK terror təşkilatından tamamilə təmizləmək niyyətindədir və bu faktor özünü yeganə dəhlizin tutulması, ardınca isə nəzarətə götürülməsi ilə isbatlayıb. Beləliklə, Ankara 40 ildir ki, PKK-nın Türkiyə ərazilərinə keçərək orada terror aksiyalarını keçirmək cəhdlərinin qarşısını birdəfəlik almaq üzrədir. SİA xəbər verir ki, mövzu ilə bağlı “Middle East Eye” nəşri də türk hərbçilərinə yaxınlığı ilə seçilən mənbəsinə istinadən yazıb ki, artıq qərar qətidir və PKK-nın sonu elə də uzaqda deyil.

Artıq bu həftədən başlayaraq əməliyyatın ərazisi daha da genişlənibz, Türkiyə İraqın Şimalında sığınan PKK terrorçularına qarşı növbəti hava və quru əməliyyatlarına başlayıb və bu dəfə hədəf terrorçuların silah anbarları, həmçinin infrastruktur obyektləridir.

Türkiyənin Müdafiə Nazirliyi rəsmi məlumatında bəyan edib ki, antiterror əməliyyatları İraqın üç regionunda aparılır, həmçinin əməliyyatlarda kəşfiyyat, təxribat-divresiya, xüsusi təyinatlı dəstələri iştirak edirlər. Türkiyənin kəşfiyyat və zərbə dronları, qırıcı təyyarələri və çoxsaylı artilleriya qurğuları ekspertlərin “PKK-nın qəlbi” adlandırdıqları rayonu hədəfə alıblar. Bu rayonun Kandil dağları deyilən ərazilərdən daha əhəmiyyətli olduğu da hərbi ekspertlər tərəfindən bildirilir.

Tam nəzarətin təmin olunması

“Pençe-Kilit” adlandırılan antiterror əməliyyatı məhz ard-arda həyata keçirilmiş terror olaylarından sonra keçirilməyə başlandı. Əsas məqsəd isə terrorçuları Türkiyə sərhədlərindən cənuba tərəf sıxışdırmaqdan və məhv etməkdən ibarətdir.

“Əməliyyatın hədəfi kifayət qədər aydındır: Bəlli rayonlarda PKK-nın bütün düşərgələrini məhv etmək və bazalar yaratmaq, bununla da Türkiyə-İraq sərhədlərini izolə etmək”, deyə hərbi ekspertlərdən biri qeyd edib. Mənbə onu da bildirib ki, Zap rayonu yeganə regiondur ki, PKK terrorçuları öz adamlarını və silahlarını məhz oradan Türkiyə ərazisinə keçirirlər. Və əgər Ankara əməliyyatlarını uğurla başa çatdırarsa, bu zaman türk xüsusi təyinatlıları İraq-İran sərhədindəki Kandil dağında PKK-nın nəfəsini tamamilə kəsə biləcək.

ABŞ-ın Dövlət Departamentinin siyasi planlama şöbəsinin sabiq əməkdaşı, geosiyasət üzrə ekspert Riç Autzen isə hesab edir ki, son illər ərzində türk ordusu çox peşəkarlaşıb və onun epikerovkası daha da yaxşılaşdırılıb. İndi hərbçilər dağlarda, kənd və qəsəbələrdə partizan müharibəsi aparan PKK-ya qarşı ciddi təhlükə hesab olunurlar. “Bir neçə quru və hava güclərinin, həmçinin PUA-larının vasitəsi ilə öz mövqelərini gücləndirən türk silahlı qüvvələri manevr etmək, çətin sədləri aşmaq kimi maneələri asanlıqla dəf edir, PKK silahlılarını aşkarlayır və zərbələr endirirlər”, deyə Riç Autzen bildirib.

PKK liderlərindən Duran Kalkanın təlaşdan doğan iddiaları: “Biz metropollarda, iri şəhərlərdə, səhra və dağlarda aktiv işləyəcəyik”

Türkiyə, ABŞ və Aİ PKK-nı dinc insanları qətlə yetirdiyinə görə terror təşkilatı elan ediblər. Sonuncu hərbi əməliyyatlar isə Türkiyə Respublikasına qarşı 40 ildir davam edən terrora olan müvafiq və bəlkə də birdəfəlik cavabdır.

Bu arada, PKK-nın mərkəzi komitəsinin liderlərindən olan terrorçu Duran Kalkan xarici medialardan birinə verdiyi müsahibəsində, əslində, daxilindəki təlaşını və qorxusunu gizlədə bilməyərək iddia edib ki, onlar müharibəni Türkiyənin ərazisinə keçirəcəklər və s. “Biz metropollarda, iri şəhərlərdə, səhra və dağlarda aktiv işləyəcəyik”, deyə o terror hədələri ilə çıxış edib.

O, həmçinin Kürdüstan Demokratik Partiyasını (KDP) və İraq Kürdüstanı hökumətini idarə edən partiyanı Türkiyəyə göstərdikləri dəstəyinə görə ittiham edib. Lakin onun sözlərinə görə, KDP hələ ki, PKK ilə birbaşa toqquşmalardan ehtiyat edir.

Eskalasiya gərginliyi

Yuxarıda da qeyd etdiyimiz kimi, son aylar Türkiyənin İraqın şimalında həyata keçirilən hərbi əməliyyatları nəticəsində PKK terrorçuları cənuba tərəf sıxışdırılıblar və ötən həftə İraq Kürdüstanının regional hökumətinin lideri Məsrur Bərzani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib və sabitliyin, təhlükəsizliyin təminatı istiqamətindəki situasiyanı müzakirə edib və əməkdaşlıq perspektivlərini müzakirə edib.

Türkiyənin hərbi dairələrinə yaxın mənbənin bildirdiyinə görə, Ankaranın PKK-ya qarşı əməliyyatı İraq Kürdüstanı üçün sərf edicidir, belə ki, bu region Kərkük-Ceyhan neft borusunun təhlükəsizliyini təmin edir, habelə KDP-nin PKK qarşısındakı mövqeyini möhkəmləndirir.

Digər tərəfdən, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının davamı İraq Kürdüstanında mövcud olan qaz ehtiyatlarını daha çox əhəmiyyətli edir. Ankara və Ərbil hazırda Ankara ilə qazın əldə edilməsi və Türkiyə üzərindən Avropaya nəql edilməsi mümkünlüyünü nəzərdən keçirirlər. Ancaq buna rəğmən, tərəflər bir sıra siyasi və texniki çətinliklərlə də qarşılaşırlar.

“Bərzani PKK-nın İraq Kürdüstanının sabitliyinə verə biləcəyi təhlükəsini, bir neçə onilliklər boyunca müəyyən dərəcədə əldə edilmiş sosial-iqtisadi tərəqqiyə zərər vuracağı, Türkiyənin Qərblə münasibətlərinə də xələl verəcəyi ehtimalını anlayır”, deyə Autzen bildirir və İraq Kürdüstanının mövcud lideri Məsrur Bərzaninin, eləcə də onun sələfi Məsud Bərzaninin narahatlıqlarını başa düşür. Onun sözlərinə görə, qazın effektli şəkildə əldə olunması və nəql edilməsi çətin olsa da, sərfedicidir. Bundan əlavə, Avropa öz enerji mənbələrinin diversifikasiyasını əldə etmək imkanını qazanacaq. Belə ki, artıq İraqın kürdlər yaşayan regionunda neft və qaz kəmərləri mövcuddur, bu baxımdan, yenilərinin tikintisi və bu sahənin genişləndirilməsi mümkün görünür.

Bütün bunlar İraq Kürdüstanına müsbət proqnozlar versə də, Ankaranın İraqın Şimalında gerçəkləşdirdiyi antiterror əməliyyatlarının əsas qayəsi ümumiyyətlə, həm Türkiyədə, həm də İraqda, bütövlükdə isə regionda PKK terrorunun birdəfəlik nəfəsini kəsməkdən ibarətdir. Məhz bundan sonra regionun iqtisadi rentabelliyini daha rahat və geniş şəraitdə istifadə etmək, iqtisadi üstünlüklər əldə etmək mümkün olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə