Ermənistan üçün son şansdır - HƏRBİ EKSPERT AÇIQLADI

Ermənistan üçün son şansdır - HƏRBİ EKSPERT AÇIQLADI

“Ermənistan heç bir zaman beynəlxalq hüquqa əməl etməyib və illərlə aparılan danışıqlar nəticəsiz qalıb”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.


Onun sözlərinə görə, təəssüflər olsun ki, beynəlxalq birlik də Ermənistanı sülhə məcbur etməyib: "Bütün BMT qətnamələrinin, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının hər biri 44 günlük Vətən müharibəsində yerinə yetirildi. Nəticədə həm beynəlxalq hüquq normaları yerinə yetirildi, həm də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu, Ermənistanın Azərbaycan ilə normal münasibətlər qurması üçün son şansıdır.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağdan qanunsuz silahlı dəstələri çıxartmalıdır. Burada rus sülməramlılarının üzərinə öhdəlik düşür. Ermənistan bölgədə mövcudluğunu qorumaq istəyirsə, Azərbaycan və Türkiyə ilə normal münasibət qurmalıdır. Baxmayaraq ki, Ermənistan Azərbaycana bir əsrdən çoxdur ki, böyük problemlər yaradıb. Amma Azərbaycan Ermənistan ilə normal münasibətlərin qurulmasını istəyir. Azərbaycan reallıqdan çıxış edir, humanizm prinsiplərini əsas götürür, Ermənistan isə hər zaman olduğu kimi buna qarşı addımlar atır.

Sülh danışıqlarına baxmayaraq, Ermənistan yenə də təxribatlara əl atır. Bildiyimiz kimi sərhəddə bir əsgərin təxribat törətməsi özbaşına ola bilməz. O ki, qaldı diversiya qrupuna deməli, bu təxribatlar birbaşa Ermənistan rəhbərliyinin, Müdafiə Nazirliyi, Baş nazir və ya ordu rəhbərliyinin tapşırığı ilə həyata keçirilir. Əgər, belə davam etsə, Azərbaycan anti-terror əməliyyatlarına başlayaraq sərhədlərini möhkəmləndirib, Ermənistanla əlaqələrinə bir dəfəlik son qoymağa məcbur qalacaq.

Əgər, Ermənistan bu təxribatlara davam etsə, Türkiyə necə ki, Suriya ilə İraqın ərazisinə girərək bufer zona yaradıb, Azərbaycan da həmçinin Ermənistan ərazisinə girərək orada bufer zona yaradacaq”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə