Ermənistan sülh sazişi imzalamaq məcburiyyətində olduğunu anlayır - DEPUTAT AÇIQLADI

Ermənistan sülh sazişi imzalamaq məcburiyyətində olduğunu anlayır - DEPUTAT AÇIQLADI

“Azərbaycan Prezidenti cənab İlham Əliyev 12 aprel müşavirəsində bildirdi ki, Azərbaycan Ermənistana sülh sazişini imzalaq üçün hər zaman təkliflər irəli sürüb, 5 maddədən ibarət təklif Ermənistan tərəfindən qəbul olunmaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, ötən il dekabr ayının 15-də Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri arasında baş tutmuş görüş zamanı da Ermənistan tərəfi sülh sazişini imzalamağa meyilli olduğunu bildirib: “Bunu cənab Prezident İlham Əliyev də vurğulayıb.

Həqiqətən də son dövrlərə diqqət yetirsək görərik ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq məcburiyyətində olduğunu anlayır. 44 günlük Vətən müharibəsindən dərhal sonra cənab İlham Əliyev dəfələrlə Ermənistanın manevr imkanlarının olmadığını vurğulamışdır. Ermənistan sülh sazişini imzalamaqdan nə qədər yayınmağa çalışsa da hər hansı bir nəticəyə nail ola bilməyəcək. Avropadan dəstək almağa çalışdı. ATƏT-in Minsk qrupunu bölgəyə gətirməyə çalışırdı. Amma bunu da edə bilmədi. Bütün ümidləri tükənən Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyindən danışmağa başladı.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin son iclasında vurğuladı ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. O qeyd etdi ki, bütün dünya ölkələri Ermənistana xəbərdarlıq edir, Azərbaycanın ərazi bütövlüyünü tanımamaqla Ermənistan özü üçün təhlükə yaradır. Göründüyü kimi artıq Ermənistan Azərbaycanın ədalətli şərtlərini qəbul edərək yekun sülh sazişini imzalamağa tam meyilli görünür. İlham Əliyev də Ermənistana öz növbəti xəbərdarlığını çatdırmış oldu. Həqiqətən də bu Ermənistan üçün bir şansdır. Demək olar ki, bu sonuncu şansdır. Paşinyanın özü də bunu dərk edir. Ermənistan əgər sülh sazişi imzalamaqdan yayınarsa Azərbaycan əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur qalacaq.

Təbii ki, bu da Ermənistan üçün çox ağır nəticələr yaradacaqdır. Ölkə Prezidenti müşavirədə qeyd etdi ki, Ermənistana yardım edən ölkələr öz konstruktiv mövqelərini ortaya qoyacaq. Yəni Ermənistana silah verməklə Cənubi Qafqazda təhlükəsizliyə qarşı ciddi təhdidlər yaradacaqlar. Düşünürəm ki, yekun sülh sazişinin imzalanması üçün yeni reallıqlar mövcuddur. Bir sözlə, Azərbaycan düşməni sülhə məcbur etmə strategiyasını uğurla davam etdirir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə