Bütün bunlar Azərbaycanın diplomatik sahədəki uğurlarıdır - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən sülh gündəliyinin əsası əslində 2021-ci ilin dekabr ayında ilk keçirilmiş üçtərəfli görüşdə qoyulmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, bu prosesin davamı olaraq tərəflər arasında mütəmadi olaraq təmaslar aparılıb, telefon danışıqları keçirilib: “İki tərəf arasında isti bir münasibət yaradılıb. Aprelin 6-da təxminən 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılmasıdır. Eyni zamanda bu məsələ ilə əlaqədar olaraq hər iki ölkənin Xarici İşlər Nazirliklərinə bu istiqamətdə işlərin vaxtında aparılması da tapşırılıb.
Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü məlum 5 maddədən ibarət təklif olmuşdu. Yəni danışıqlar bu təklif əsasında aparılmışdı və əsas məqam ondan ibarətdir ki, sözügedən istiqamətdə ərazi bütövlüyü bu təkliflərdən biri olmuşdur. Danışıqlar bu əsasda aparılmışdı. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaradılması barədə də razılıq əldə olunmuşdur. Hesab edirəm ki, bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq, işlərin lazımi səviyyədə aparılmasına imkan yaradılacaqdır. Eyni zamanda üçtərəfli danışıq əsasında nəqliyyat-kommunikasiyanın yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi ilə bağlı iqtisadi məşvərət şurası yaradılması da qərara alınmışdır.
ATƏT-in artıq bir qurum kimi fəaliyyətinə də ehtiyac yoxdur. Çünki ATƏT-in üçtərəfli danışıq zamanı heç bir söhbəti olmadı. Bu da təqdirəlayiq bir hal kimi qəbul oluna bilər. Avropa İttifaqı yeni reallıqları qəbul edir və Azərbaycanla Ermənistan arasında danışıqları nəzərdə tutan yeni bir mexanizm, format hazırlanıb. Avropa İttifaqının məqsədi tərəflər arasında münasibətlərin normallaşdırılmasıdır. Son vaxtlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni bir səviyyəsinə yüksəlməkdədir. Avropa İttifaqı da təhlükəsizliyinin təmin edilməsində Azərbaycan ilə Avropa İttifaqı arasında təmasların artması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparılması da vacib məsələlərdəndir. Eyni zamanda sülh müqaviləsi, sərhədlərin delimitasiyası, açılması və digər məsələlərin həlli istiqamətində addımların atılması da mühüm şərtlərdən hesab olunur. Avropa İttifaqı və Azərbaycan arasında təmasların yüksək səviyyəyə qalxması da Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olmasına gətirib çıxarır. Brüssel görüşünü Azərbaycanın milli maraqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru kimi qiymətləndirmək olar. Eyni zamanda bütün bu kimi işləri Azərbaycanın diplomatik sahədə də əldə etdiyi uğurların növbəti bir addımı kimi də qəbul etmək olar”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB