Dövlətçilik tariximizin mərkəzi - Şuşa TƏHLİL

Dövlətçilik tariximizin mərkəzi - Şuşa TƏHLİL

Azərbaycan xalqı tarix boyu öz torpaqlarında zəngin dövlətçilik ənənələri yaratmışdır. Dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixi var. Qarabağ xanlığının da Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri var. Qarabağ xanlığının hərbi-siyasi tarixində mühüm rol oynayan Şuşa sözügedən xanlığın uzun illər paytaxtı olub. "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın Konservatoriyası" adlandırdığımız Şuşa yüzilliklərin tarixini özündə yaşadan, qədim və zəngin dövlətçilik tarixinə malik olan şəhərdir. Tarixi mənbələrdə qeyd olunur ki, Şuşa qalasının salınması 1750-ci illərin əvvəllərinə təsadüf edir. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.

GÜCLÜ HƏRBİ-STRATEJİ MÖVQEYƏ VƏ MÜDAFİƏ QURĞULARINA MALİK ŞUŞA

Məhz Şuşa qalasının mövcudluğu sayəsində Qarabağ xanlığı çox güclü düşmənlərin hücumlarının qarşısını almış, öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuşdu. Qarabağ xanlığına ilk belə güclü hücum 1757-ci ildə baş vermişdi. Məhəmmədhəsən xan Qacar həmin ilin avqustunda 30 minlik ordu ilə xanlığın paytaxtı Şuşaya hücum etmiş, Qacar ordusu şəhəri mühasirəyə almışdır. Bir aydan artıq davam edən mühasirə zamanı Qacar ordusunun Şuşanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər uğursuzluqla nəticələnmişdi. Qarabağ xanlığı bir neçə dəfə belə hücümlara məruz qalsa da düşmən qüvvələrin niyyəti boşa çıxıb. Şəhərin çox güclü hərbi-strateji mövqeyə və müdafiə qurğularına malik olması, digər tərəfdən isə Qarabağ əhalisinin öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxması bu niyyətləri boşa çıxarmışdır. Şuşalıların iradəsini qırmaq elə də asan məsələ deyildi. Güclü qüvvəyə malik düşmən hücumları qarşısında baş əyməyən Şuşa şöhrətini artırmaqla yanaşı, sürətlə inkişaf etmiş, əhalisinin sayı artmışdır. XVIII əsrin sonlarında burada artıq 17 məhəllə mövcud idi. Bu məhəllələrdən 9-u Pənahəli xanın, 8-i isə onun varisi İbrahimxəlil xanın hakimiyyəti dövründə salınmışdı.

QARABAĞ XANLIĞI TƏKCƏ AZƏRBAYCANIN DEYİL, CƏNUBİ QAFQAZIN ƏN GÜCLÜ DÖVLƏT QURUMLARINDAN İDİ

Pənahəli xanın və İbrahimxəlil xanın fəaliyyətində Qarabağ xanlığının ərazisini genişləndirmək və son nəticədə pərakəndə Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasəti özünü aydın göstərirdi. Bu istiqamətdə ilk addımlar hələ Pənahəli xanın hakimiyyəti dövründə atılmışdı. O, xanlıq daxilində öz mövqelərini möhkəmləndirməklə yanaşı, qonşu xanlıqların da torpaqlarını ələ keçirmək siyasəti yeridirdi. Qarabağ tarixçisi Mirzə Adıgözəl bəyin verdiyi məlumatdan aydın olur ki, Pənahəli xan Şuşa şəhərinin əsasını qoyduqdan sonra əvvəllər Qarabağ xanlığının tərkibində olmuş Mehri və Sisian mahallarını, Təbriz xanlığının tərkibində olmuş Zəngəzur və Qafan mahallarını, habelə İrəvan və Gəncə xanlıqlarına məxsus olmuş bir çox torpaqları ələ keçirib Qarabağ xanlığının tərkibinə qatmışdı. Beləliklə, XVIII əsrin 60-80-ci illərində Qarabağ xanlığı yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrilmişdi. Bu dövrdə Azərbaycanla qonşu olan Osmanlı Türkiyə, İran və Rusiya kimi daha güclü dövlətlər özlərinin Qafqaz siyasətini həyata keçirərkən Qarabağ xanlığının mövqeyi ilə hesablaşmalı olurdular. XVIII əsrin sonlarından başlayaraq Azərbaycanın şimal xanlıqlarının, o cümlədən Qarabağ xanlığının müstəqilliyi üçün ciddi təhlükə yaranmışdır.

KEŞMƏKEŞLİ TARİXİ OLAN ŞUŞADA BAŞ VERƏN OLAYLAR

XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının "Şəhər əsasnaməsi"nın 28-29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur. Mənbələrdə qeyd olunduğu kimi, gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Xəzər vilayətinin gerbindəki təsvirlərin eyni idi. 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu. Gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi.
Çar hökuməti dövründə Şuşa tarixində baş verən olaylar diqqətdən kənarda qalmır. Həmin dövrdə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.
1918–20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da, şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər.
1920–1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyat keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu. Keşməkeşli tarixi olan Şuşa sovet hakimiyyəti dövründə 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edilib. Bu Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri idi. 1963-cü il yanvarın 4-də isə Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatılıb. Tarixi mənbələrə istinadən, Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edilib. Tarixin salnamələrinə nəzər saldıqca onun nə qədər hücum və təqiblərə məruz qalmasının şahidi oluruq.
"Biz Şuşaya qayıtmışıq!"
Ötən əsrin 70-ci illərindən Şuşanın həyatında yeni bir inkişaf dövrü başlayır. Ulu Öndər Heydər Əliyev tərəfindən şəhərin inkişafına xüsusi diqqət yetirilib. 1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul edib. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb edib. Şəhərdə yeni sənət ocaqları yaradılıb, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılıb. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq, 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib. 1992-ci ildə Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını və s. talamış və məhv etmişlər.
Belə bir tarixi dövlətçilik ənənələrinə malik olan, tarix boyu alınmaz qala hesab olunan Şuşada 1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşanın işğalı gününü "Qələbə bayramı" kimi qeyd etsələrdə onların bu "atəşfəşanlığı" uzun sürmədi. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
Azərbaycan tarixi qələbə qazandı. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyirdi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!"
İndi Şuşa yeni dövrünü yaşayır. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu il ölkəmizdə dövlət başçısının Sərəncamı ilə "Şuşa ili" elan olunub.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşanın bu il 270 illiyidir. Zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşamız tarixinin yeni bir dövrünü yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə